"Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, “İcra haqqında” qanunun 231.4-cü maddəsinə təkif edilən dəyişiklikdə qeyd olunur ki, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir:
"Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə, şəxs ağır xəstəliyə düçar olduqda o, cəzadan azad oluna bilər. Yəni burada cinayətdə ittiham olunan, yaxud cinayət törətdiyi sübuta yetirilmiş şəxsin cəzadan azad olunmasından gedir. Düşünürəm ki, əgər cinayət törətmiş şəxsə münasibətdə humanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququn fəlsəfəsinə ziddir. Bu məsələnin həllinə İcra haqqında qanunun 84-1-ci maddəsinə müvafiq əlavə etməklə nail olmaq mümkündür".
Millət vəkili nəzərə çatdırıb ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericilik istisna halları nəzərə almalı və insanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədilə xüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərk etməsinə icazə verilməlidir:
"Bu yanaşma cənab Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının mahiyyətinə də tamamilə uyğun gəlir.
Təqdim etdiyim yanaşmanın qarşılığında 22 aprel 2013-cü il tarixdə Ədliyyə Nazirliyi Kollegiya qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”a istinad oluna bilər. Öncədən qeyd edim ki, bu təlimatda da daha öncə sadaladığım hallar nəzərdə tutulmayıb. Hətta nəzərdə tutulsa da belə, “İcra haqqında” qanunun 231.4-cü maddəsinə təkif edilən dəyişikliyi olduğu kimi qəbul edəcəyimiz təqdirdə sözügedən təlimatın hüquqi qüvvəsi qalmayacaq. Nəzərə alınmasını xahiş edirəm".
Mina Mikayılova