İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı sürətlə artır.
Bu hücumlar təkcə hərbi qarşıdurma kimi deyil, həm də Yaxın Şərqdə uzun müddətdir davam edən siyasi və humanitar böhranın bir hissəsi kimi qiymətləndirilir. Son illərdə İsrail və Fələstin arasında gərginlik dalğalar şəklində yenidən alovlanır. İsrail tərəfi bu hücumları “terror təhlükəsinə qarşı cavab tədbiri” kimi təqdim etsə də, hücumların miqyası və mülki əhali arasında yüksək itkilər beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Qəzzaya edilən hər bir yeni hücum humanitar vəziyyəti daha da pisləşdirir, bölgədə aclıq, dərman çatışmazlığı və infrastrukturun dağıdılması kimi problemləri dərinləşdirir.
Hazırkı eskalasiya həm lokal, həm də qlobal səviyyədə siyasi gərginliyi artırır. Regionda baş verən hadisələr yalnız İsrail-Fələstin münaqişəsi çərçivəsində deyil, həm də böyük güclərin maraq toqquşması fonunda baş verir. Bu vəziyyətin davam etməsi bölgədəki geosiyasi balansı dəyişə və gələcəkdə daha genişmiqyaslı qarşıdurmalara səbəb ola bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Yaxın Şərq böhranını tezliklə və daimi şəkildə həll etmək olduqca çətin görünür:
"Qəzza zolağında baş verən hadisələrin dərin tarixi və ideoloji kökləri mövcuddur. Bu qarşıdurma yalnız dövlətlərarası müharibə kontekstindən ibarət deyil. Ərazi mübahisəsindən daha çox, ideoloji və siyasi zəmində formalaşmış, uzun illərdir həllini tapmayan mürəkkəb bir münaqişədir. Bu səbəbdən, problemin yaxın gələcəkdə kökündən həll olunması qeyri-realist görünür. Çünki nə bu istiqamətdə konkret iradə mövcuddur, nə də Qəzza zolağının gələcəyi ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq baxışı formalaşıb".
Tural İsmayılov: Qəzza zolağında hazırkı nisbi sakitliyin uzunmüddətli olacağını gözləmək çətindir
Onun sözlərinə görə, bir tərəfdən fələstinlilər öz torpaqlarını haqlı olaraq tərk etmək istəmirlər. Digər tərəfdən, beynəlxalq güclər bu məsələdə ortaq mövqe ortaya qoya bilmirlər. Son dövrlərdə ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılıb üçüncü bir ölkəyə köçürülməsi ilə bağlı irəli sürdüyü təklif nə Qəzza sakinləri, nə də bölgəyə yaxın dövlətlər - o cümlədən Misir tərəfindən qəbul edilir. Bu da problemin həllini daha da çətinləşdirir:
"Üstəlik, Qəzza zolağında baş verən münaqişə təkcə İsrail və HƏMAS arasında olan qarşıdurmadan ibarət deyil. Fələstin daxilində də ciddi idarəetmə böhranı mövcuddur. Qəzza ilə İordan çayının qərb sahili arasında siyasi və idarəetmə baxımından dərin ixtilaflar problemi daha da mürəkkəbləşdirir",- deyə həmsöhbətimiz qeyd edib.
Son olaraq T.İsmayılov əlavə edib ki, bu şəraitdə Qəzza zolağında hazırkı nisbi sakitliyin uzunmüddətli olacağını gözləmək çətindir. Problemin köklü həlli üçün qlobal güc mərkəzlərinin səmimi iradəsi və vahid yanaşması tələb olunur. Bu cür iradə və mövqe olmadıqca, bölgədə gərginliyin yenidən alovlanması qaçılmaz görünür.
Əli Hüseynov