• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Orucluq təkcə sahur-iftar demək deyil...

CƏMİYYƏT

06 Mart 2024 | 10:10

Orucluq təkcə sahur-iftar demək deyil...

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Əl Bəqərə surəsi, 183-cü ayə)

11 ayın sultanı - Ramazan ayı gəlir. Dünyanın hər yerində yaşayan müsəlmanlar bu ayı səbirsizliklə gözləyirlər. İnsanlar bu ayda oruc tutur, günahlarından azad olmağa çalışır. Qədəm qoyan bu müqəddəs ayın öz qaydaları var ki, bunlara əməl etmək lazımdır.

Əkrəm Həsənov: Oruc tutan hər kəsin bütün bədən üzvləri oruc tutmalıdır

İlahiyyatçı Əkrəm Həsənov Bakıvaxtı.az-a bildirib ki, Allah təala Ramazan ayına bəzi xüsusiyyətlərini saya biləcəyimiz, həmçinin digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər verib:

Oruc tutanın ağzının qoxusu Allah yanında müşk ətrindən daha xoşdur.

Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər.

Allah təala hər gün Cənnətini bəzəyər və belə buyurar: “Saleh qullarımın üzərlərindəki sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı”.

Bu ay azğın şeytanlar zincirə vurulur, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.

Bu ayda bu aydan da xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar.

Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.

Müsahibimiz Ramazan ayında oruc tutmağın mahiyyətini bildirən hədisləri qeyd edib:

“Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o mənimdir və onun da mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir” buyurub. Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşacağı gündür. Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur (Buxari, Müslim).

“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).

“Hər kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk eləməsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).

“Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin” (Buxari, Müslim).

Buna görə də oruc tutan hər bir kəsin qulağı, gözü və bütün bədən üzvləri, əzaları oruc tutmalıdır. Oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır”.

Ə.Həsənov vurğulayıb ki, Ramazan ayı mübarək ay olduğu üçün ən gözəl əməllərdən biri sədəqə verməkdir. Xeyir işlərlə məşğul olmaq vacibdir. Mümkün qədər günah və haramlardan çəkinmək lazımdır. Kasıbları yedirib doyurmaq vacib hesab olunur. Əsas məsələ oruc tutanlara iftar verməkdir. Çünki, bu barədə müjdə var ki, kim oruc tutanlara iftar versə oruc tutmuş kimi savab qazanacaq. Əsas məsələ valideynlərə kömək etməkdir.

“Maksimum çalışaq ki, kiminsə qəlbinə dəyəcək sözlər deməyək. Uşaqlara Peyğəmbərin həyat tərzini öyrətmək bu ayda edilən yaxşı əməllərdən hesab edilir. Ona görə ki, Quran Ramazan ayında nazil olunub. Daim gülümsəmək, insanlara xoş söz demək lazımdır. Çünki, bəzən müşahidə edirik ki, oruc tutan əsəbi olur. Çalışmaq lazımdır ki, əsəbi halda oruc tutmayaq”.

Elşad Miri: Təəssüf ki, insanlar nafilə ibadət adı altında Quranda olmayan ibadətləri edir

Ramazanın olar-olmazları barədə Bakıvaxtı.az-a danışan ilahiyyatçı Elşad Miri bu ayın Quran ayı olduğunu bildirərək söyləyib ki, insanlar təəssüf ki, bu ayı əslində sadəcə sahur və iftarla əlaqələndirir:

“Bu, bir ay ərzində təlim üçün olan bir anlayışdır. Ramazan Quranı anlamağa, onu dərk etməyə və bildirilənləri həyata keçirmək üçün əlimizə düşən bir fürsət ayıdır. Bunu düzgün dəyərləndirməliyik”.

Elşad Miri Ramazan ayını İslamda olmayan, lakin sonradan çıxarılan təravih namazı və s. ilə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb. O, bunu onunla izah edib ki, nə Quranda, nə də Peyğəmbərin həyatında görə bilərik.

Müsahibimiz insanların nafilə ibadət adı altında bu ibadətləri həyata keçirdiyinə təəssüfünü bildirib.

İlahiyyatçı oruc zamanı insanların diqqət yetirməli olduğu məsələlərədə toxunub:

“Orucla əlaqəli yeganə qadağa Quranda da bildirildiyi kimi, yemək-içmək və həmin ərəfədə, yəni oruclu olduğu halda intim münasibətdir. Bundan başqa, onu nəyinsə pozması deyə bir anlayış yoxdur”.

Qeyd edək ki, martın 11-dən etibarən Ramazan ayı başlayır. Qədr gecələri 28, 30 mart, 1 və 5 apreldə olacaq. Ramazan bayramı aprelin 10-11-nə təsadüf edəcək.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026