• Bakı C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Rusiya iqtisadi və hərbi böhranın astanasında: Real vəziyyət və perspektivlər

DÜNYA

05 Fevral 2026 | 10:29

Rusiya iqtisadi və hərbi böhranın astanasında: Real vəziyyət və perspektivlər

Müasir geosiyasi reallıqlar fonunda Rusiya Federasiyası həm iqtisadi, həm də siyasi baxımdan məlum olmayan istiqamətə doğru sürətlə irəliləyir.

Qlobal sanksiyaların təsiri, sənaye istehsalındakı geriləmə və büdcə kəsirlərinin dərinləşməsi ölkəni yeni bir böhran mərhələsi ilə üz-üzə qoyub.

Rəsmi Moskvanın təqdim etdiyi optimist rəqəmlərə baxmayaraq, faktlar Rusiyanın iqtisadi və hərbi imkanlarının əvvəlki gücündən xeyli uzaqlaşdığını göstərir.

Bu vəziyyət həm regionda, həm də Avropa ilə münasibətlərdə balansın dəyişməsinə səbəb olur və Rusiyanın qarşıdakı illərdə hansı istiqamətdə hərəkət edəcəyinə dair ciddi suallar yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya hazırda elə bir vəziyyətə düşüb ki, demək olar, hər qəpiyini hesablayır:

"Büdcəyə əlavə pul gətirmək üçün real imkanları çox məhduddur. Ölkədə sənaye istehsalı ciddi şəkildə zəifləyib. Statistik məlumatlar göstərir ki, rəsmi dairələr sənaye sektorundakı artımı şişirtsələr də, dəqiq göstəricilərə əsasən Rusiyada sənaye istehsalı əslində təxminən 2 faiz azalıb".

Həmsöhbətimiz qeyd edib ki, Rusiya iqtisadiyyatı tədricən böhran mərhələsinə daxil olur:

"Mövcud vəziyyət həm maliyyə sabitliyinin pozulmasına, həm də istehsal gücünün zəifləməsinə səbəb olub. Ölkə faktiki olaraq çökmə təhlükəsinin astanasındadır, çünki sistemli inkişafdan çox, mövcud resurslarla vəziyyəti idarə etməyə yönəlmiş siyasət yürüdür".

Qabil Hüseynli: Bütün bunların fonunda Rusiyanın Avropa ilə geosiyasi mübarizədə ciddi uğursuzluqlarla üzləşməsi ehtimalı böyükdür

O əlavə edib ki, Rusiyanın hərbi potensialı ilə bağlı da böyük suallar var. Onların yaxın perspektivdə ciddi hərbi üstünlük qazanmaq imkanları demək olar ki, 0-a bərabərdir. Həm iqtisadi resurs çatışmazlığı, həm də texnoloji modernizasiya sahəsində geridə qalma bu prosesi daha da çətinləşdirir.

"Bütün bunların fonunda Rusiyanın Avropa ilə geosiyasi mübarizədə ciddi uğursuzluqlarla üzləşməsi ehtimalı böyükdür. İqtisadi zəifləmə, sanksiyaların təsiri, hərbi xərclərin artması və istehsal gücünün azalması Kremlin manevr imkanlarını məhdudlaşdırır.  Rusiya hazırda həm iqtisadi, həm də siyasi baxımdan strateji çətinliklər dövrünü yaşayır və yaxın illərdə bu prosesin daha da dərinləşməsi mümkündür",- Qabil Hüseynli vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Fevral 2026