Çin və ABŞ müzakirəçiləri iki ölkə arasında əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı konsensusa gəliblər.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla Pusanda görüşündə bildirib.
Si Cinpinin fikrincə, Çin və ABŞ bir-birlərinə uğur və ümumi rifah əldə etməkdə kömək edə bilərlər.
O, həmçinin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb:
"Bu illər ərzində mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, Çin və ABŞ tərəfdaş, dost olmalıdırlar. Tarix bizə bunu öyrədib və reallıq bunu tələb edir. Lakin Çin və ABŞ-nin fərqli milli şərtləri var, ona görə də müəyyən fərqlərin olması qaçılmazdır. Dünyanın iki ən böyük iqtisadiyyatı olaraq, zaman-zaman gərinlik ola bilər və bu, normaldır".
Si Cinpin əmindir ki, Çinin inkişafı Amerika administrasiyası tərəfindən irəli sürülən “Amerikanı yenidən möhtəşəm et” konsepsiyasına zidd deyil. O, həmçinin Çin-ABŞ ikitərəfli münasibətləri üçün möhkəm zəmin yaratmaq və hər iki ölkənin inkişafı üçün əlverişli şərait yaratmaq üçün Trampla işləməyə davam etməyə hazır olduğunu bildirib.
Gülşən Şərif
Bakı 


