"Siyasətdə 2x2 mütləq 4 etmir və riyazi hesablamalar hər zaman özünü doğrultmur".
Bunu politoloq Elxan Şahinoğlu Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Sinan Oğanın Kamal Kılıçdaroğlu ilə mümkün razılaşması birincinin 5 faiz səsinin ikinci turda dəstək verəcəyi siyasətçinin xanəsinə yazılacağı anlamına gəlmir:
"Birincisi, həmin 5 faizin tamamı Sinan Oğana verilən səs deyil. 5 faizin içində namizədliyini geri götürən Muhərrəm İncənin, Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğana və onun əsas rəqibi Kamal Kılıçdaroğluna etiraz edənlərin səsləri var. Bu hesabla ikinci turda Sinan Oğanın səsləri böyük ehtimalla Kamal Kılıçdaroğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bölünəcək. Ona görə Ərdoğan arxayın şəkildə “mən Sinan Oğanın şərtlərini qəbul etməyəcəm” fikrini söyləyib".
E.Şahinoğlu qeyd edib ki, başqa sözlə, Ərdoğanın Oğanın dəstəyinə ehtiyacı yoxdur. Politoloq bildirib ki, Kamal Kılıçdaroğlu qələbə çalmaq üçün birinci turda seçkiyə qatılmayan təxminən 8 milyon insanın ikinci turda seçki məntəqələrinə getməsinə nail olmalıdır: "Qısa müddət ərzində bunu reallaşdırmaq son dərəcə çətin vəzifədir".
Aytac Aslan
















