• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Talış sakinləri illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər

LAYİHƏ

17 Mart 2023 | 14:13

Talış sakinləri illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Prezident İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanıb.

Yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirildi. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olundu.

Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib ki, bu ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur.

Martın 16-da isə Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti ilk mərhələdə Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər.

Evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.

Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub.

Bundan başqa, kənddə 9 qeyri-yaşayış binası, fəaliyyət göstərir. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb. Hazırda Talışda bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur.

Nəsib Məhəməliyev: “Böyük Qayıdış” proqramı prezidentin diqqət mərkəzində olan strateji məsələdir

Millət vəkili Nəsib Məhəməliyev Bakıvaxtı.az-a bildirib ki, “Böyük Qayıdış” proqramı Prezident İlham Əliyevin gündəlik diqqət mərkəzində olan strateji məsələdir: “Ən müasir standartlara uyğun Zəngilanın Ağalı kəndinin yenidən inşa olunması və artıq ilk sakinlərinin köçürülməsi ilə bu prosesə başlanıb. İşğaldan azad olunmuş digər rayon və şəhərlərimizin baş planları tutulub, hər birisində infrastruktur layihələrinin, inzibati və yaşayış binalarının tikintisinə başlanıb. Rayonlararası magistral yolların, körpülərin, tunellərin tikintisi sürətlə davam etdirilir”.

Əhalinin hansı ərazilərə daha sürətlə köçürülməsinin mümkünlüyünə gəldikdə isə, deputatın sözlərinə görə, Şuşa şəhərində aparılan tikinti-bərpa işlərinin miqyası imkan verir ki, yaxın zamanlarda müəyyən məskunlaşma aparılsın. N.Məhəməliyev qeyd edib ki, ermənilərin xaotik şəkildə basdırdıqları minalanmış ərazilər olmasaydı, proses daha sürətli aparıla bilərdi: “Eyni zamanda düşünürəm ki, hal-hazırda yaranmış vəziyyət Kəlbəcər və Laçın kimi strateji əhəmiyyət daşıyan rayonların məskunlaşdırılmasının sürətləndirilməsi zamanın tələbidir”.

Vüqar Bayramov: Biz mərhələli şəkildə “Böyük Qayıdış” prosesinin davam etməsini müşahidə edəcəyiik

Millət vəkili Vüqar Bayramovun Bakıvaxtı.az-a dediyinə görə, işğaldan azad edilmiş ərazilərə qayıdış “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq həyata keçirilir: “Artıq bu istiqamətdə dövlət büdcəsindən son iki ildə 6.5 milyard manat vəsait ayrılıb. Bu il nəzərdə tutulan vəsaiti gözdən keçirsək, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun qurulmasına ayrılan vəsaitin həcmi on milyard manata yaxın olacaq. Yəni bu, ondan xəbər verir ki, dövlət büdcəsindən bu istiqamətdə kifayət qədər vəsait ayrılır. Məqsəd də Qarabağ və Şərqi Zəngəzurun daha tez bərpa olunması, yenidən qurulması və qayıdış prosesinin sürətlənməsi ilə bağlıdır”.

V. Bayramov bildirib ki, artıq bu ilin sonunda qayıdışın yeni mərhələsi olacaq: “Laçın rayonuna vətəndaşlarımızın qayıtması reallaşacaq. Eyni zamanda, 2024-cü ilin əvvələrində Füzuli rayonu daxil olmaqla, bir sıra işğaldan azad olunmuş ərazilərimizə də məskunlaşma həyata keçiriləcək. Təbii ki, bu da ondan xəbər verir ki, biz mərhələli şəkildə “Böyük Qayıdış” prosesinin davam etməsini müşahidə edəcəyiik. 2026-cı ilə qədər işöaldan azad olunmuş ərazilərimizə qırx minə yaxın ailənin, bütövlükdə yüz əlli mindən artıq vətəndaşımızın qayıtması nəzərdə tutulur”.

Deputat vurğulayıb ki, bu baxımdan infrastruktur formalaşdığı üçün nəticədə daha sürətli və intensive şəkildə məskunlaşmanın həyata keçirilcəyi gözlənilir: “Təbii ki, Azərbaycan daxili maliyyə mənbələri hesabına bunu reallaşdırır. Gözlənilir ki, 2024-cü ildən etibarən, biz daha sürətli qayıdışın, məskunlaşmanın həyata keçirilməsini müşahidə edə biləcik”.

Cavid Osmanov: “Böyük Qayıdış”ın tam təmin olunması üçün ərazilərimizin minadan təmizlənməsi yekunlaşmalıdır

Millət vəkili Cavid Osmanov Bakıvaxtı.az-a bildirib ki, “Böyük Qayıdış”ın tam təmin olunması üçün ərazilərimizin minadan təmizlənməsi yekunlaşmalıdır: “Otuz il müddətində erməni vandalları torpaqlarımızı talan edib, misli görünməmiş dağıntılar ediblər. Buna görə də, bu ərazilər tamamilə yenidən qurulur. Qeyd etmək zəruridir ki, Şuşa və Ağdam şəhərlərinin Baş planları təsdiqlənib. Digər rayonların planları isə hazırlanmaqdadır. Burada böyük yenidənqurma və bərpa işləri aparılır. Həmçinin böyük infrastruktur layihələri həyata keçirilir. Təbii, qaz, içməli su, istilik, işıq probleminin həlli istiqamətində mühüm addımlar atılır. Bundan əlavə, yaşayış evlərinin tikintisinə artıq başlanılıb”.

C. Osmanovun sözlərinə görə, mədəni, dini, tarixi abdiələrimizin bərpası istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu mühüm layihələr üzərində işləyir: “İşğaldan azad olunmuş torpaqlarımızda yeni məscidlər tikilir, mədəni abidələrimizin yenidən qurulması işləri aparılır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə burada böyük işlər görülür”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

28 Mart 2024