• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan gəncləri vətənə bağlı, vətənə sevgi ilə yaşayan gənclərdir

LAYİHƏ

10 Mart 2023 | 12:43

Azərbaycan gəncləri vətənə bağlı, vətənə sevgi ilə yaşayan gənclərdir

6.3.10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır.

Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.

Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni, həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.

Cavid Osmanov, millət vəkili

Milli Məclisin deputatı Cavid Osmanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ilk olaraq gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ilə bağlı işlər yalnız və yalnız 1993-cü ildə ümumilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra başlanıldı: “Çünki 1991-1993-cü illər ərzində gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün onların milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində heç bir iş görülmürdü. Yalnız ümummilli liderimiz 1993-cü ildə hakimiyyətə gəldikdən sonra xalqın da ciddi tələbi ilə həm Azərbaycanı parçalanmaqdan qurtardı, həm də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün xüsusi istiqamət, yol xəritəsi cızıldı. Beləliklə, 1994-cü ildə Gənclər və İdman Nazirliyiyinin yaradılması ilə bağlı fərman imzalandı. Eyni zamanda, 1996-cı Gənclərin Birinci Forumu keçirildi. Daha sonra 1997-ci ildə ümumilli liderimizin sərəncamı ilə Azərbaycanda 2 fevral Gənclər Günü elan olundu. Həmçinin, dövlət gənclər siyasəti haqqında qanun qəbul olunması ilə bağlı fərman imzalandı. Gənclər sahəsində bu istiqamətdə bir çox sərəncam və fərmanlar imzalandı. Əlbəttə, bu da gənclərimizin hərtərəfli inkişafı, xüsusən də milli mənlik və vətənpərvərlik hisslərinin yetişməsi istiqamətind mühim addımlar idi”.

Deputatın sözlərinə görə, xüsusi qeyd etmək lazımdır ki, ümummilli liderimizin azərbaycançılıq ideologiyası ətrafında gənclərin birləşməsi, Azərbaycan gəncinin harada yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə yaşaması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldü: “Məhz 2003-cü ildən bu günə kimi ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclər sahəsində, xüsusən də gənclərin milli mənlik, azərbaycançılıq, vətənpərvərlik hisslərinin yetişdirilməsi istiqamətində çox böyük işlər görülüb. Bununla bağlı dövlət proqramları qəbul olunub. Xüsusi qeyd etməliyik ki, cənab prezident İlham Əliyevin dövründə yetişən gənclər 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Elə bu, Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişməsinin ən bariz nümunəsidir. Gənclərlə bir çox işlər görüldü, könüllülük hərakatı həyata keçirildi. O cümlədən, ölkəmizin vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr həyata keçirildi. Əlbəttə ki, bütün bunlar Azərbaycan gəncliyinin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı mühim addımlar idi. Bu gün Azərbaycan gəncləri vətənə bağlı, vətənə sevgi ilə yaşayan gənclərimizdir. Azərbaycan gəncləri bunu Vətən müharibəsində nümayiş etdirdilər”.

Onun sözlərinə görə, bundan başqa, gənclərimiz artıq 90 günə yaxındır ki, Laçın yolunda dinc aksiya keçirərək hər zaman vətənin keşiyində olduqlarını dünya ictimaiyyətinə çatdırırlar. Xaricdə yaşayan gənclərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühim işlər görürlər. Eyni zamanda, əlbəttə ki, silahlı qüvvələrimizin əsas tərkibində olan gənclərimiz hər zaman ayıq-sayıqdılar. Azərbaycana qarşı hər hansı təhdid olarsa, onlar bunun qarşısını almaq istiqamətində hazır olduqlarını hər zaman nümayiş etdirirlər.

“Digər bir tərəfdən, bu gün Azərbaycan gəncləri ölkənin idarəetmə sistemində yaxından iştirak edirlər. Gənclər üçün müxtəlif müsabiqələr keçirilir. Onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün müxtəlif platformalar mövcuddur ki, bu da Azərbaycan gəncliyinə olan böyük hörmətin, onlara açılmış qapıların bir nümunəsidir. Bir sözlə, Azərbaycan gəncinin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində ölkəmizdə çox mühim işlər görülür. Azərbaycan gənci də dövlətin onlara yaratdığı şəraitdən əlverişli şəkildə istifadə edir, vətənə sevgi hissləri ilə yetişir. Gəncərimiz ölkəmizin inkişafı, tərəqqisi və müdafiəsi istiqamətində hər zaman hazır olduqlarını nümayiş etdirirlər”.

Qoşqar Məhərrəmov, təhsilin idarə edilməsi üzrə mütəxəssis

Təhsilin idarə edilməsi üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosioloq və psixoloqlar milli şüur, kimlik və vətənpərvərlik anlayışlarını yenidən yerbəyer etməlidirlər: “Yəni bu kəlmələrə yüklənən mənaları yenidən ortaya çıxarmalı, izah etməli və tərif etməlidir. Biz milli mənlik şüuru və vətənpərvərliklə əlaqədar hansı addımları atmaq istəyirik, necə bir strategiya izləyirik. Bunlar haqqında da əvvəlcə elmi, fəlsəfi, sosioloji, psixoloji xəritə mahiyyətində sənətlər hazırlanmalıdır. Bu sənədlər formal kimi görünsə də, nəticə etibarilə insanlar bu işləri görərkən həmin sənətlərə istinad edəcək, eləməlidir. Ən azından, bu sənədlər olduqda yoxlamalar, məktəb rəhbərləri, yəni təhsilin içərisində olan, prosesi icra edən insanlar arada bu sənədə göz gəzdirəcək və bu istiqamətdə bir tənzimləmə verəcək. Yoxlamalar getdikcə hansısa vətənpərvərliklə əlaqədar tədbirə qonaq çağırıldıqda yenə həmin sənədlə müqayisə edib tədbirə qiymət verəcək. Ona görə, düşünürəm ki, belə bir konseptual sənədin hazırlanmağına ehtiyac var. Bu, çox ehtiyatlı məsələdir. Çünki bəzən vətənpərvərlik adı altında insanlara rasizm, irqçilik aşılana bilər”.

Mütəxəssis qeyd edib ki, bir çoxlarına görə, vətənpərvərlik vətəni sevmək, bilmək, vətənin mədəni, coğrafi, tarixi abidələrini, şəxslərini bilmək və beləcə sevmək mənasına gəlir: “Lakin bir çox zaman baxırıq ki, təhsil işçiləri bunun yerinə uşaqların yaşına uyğun olmayan görüntüləri göstərir, qorxu, ifrat dərəcədə nifrət yaranır. Yəni ölüm və öldürmə hadisəsi uşaqların gözündə daha mümkün, yaxın anlayış olaraq gəlir. Ona görə də, bu məsələlərdə çox ehtiyatlı olmalıyıq deyə düşünürəm. azərbaycanlı anlayışı daha ön plana çıxmalıdır. Bizim ümumilli liderimiz deyir ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Azərbaycanlı olmaq daha ön plana çıxmalıdır, nəinki hansısa bir millətin mənsubu olmaq. Çünki Azərbaycanda bir çox millətlər yaşayır”.

Ekspertin sözlərinə görə, bu millətlərin hər biri öz milli mənsubiyyətini bilməli, dilinə, xalqına sevgi bəsləməlidir. Amma bundan əlavə, Aazərbaycan dili, azərbaycanlı olmaq anlayışı da təhsildə ön planda olmalıdır.

“Bizim təhsil prosesimizin ən mərkəzi sütunlarından biri bu olmalıdır. Bunun inkişafı üçün, xüsusilə məktəbdə işləyən insanlar bu işdə nə səhvlər olduğunu bilməli, necə daha yaxşı olması ilə bağlı braşuralar hazırlamalıdır. Bunlar edilərsə, hər şey daha yaxşı olacaq. Düşünürəm ki, vətənpərvərliyin aşılanması prosesi sürət və kəmiyyət olaraq yaxşıdır. Keyfiyyəy olaraq isə bu qeydlərimi nəzərə alaraq daha da inkişaf edə bilərik”, - deyə Qoşqar Məhərrəmov əlavə edib.

 Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR