• Bakı 13° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Azərbaycan vətəndaş cəmiyyəti özünün yeni inkişaf mərhələsindədir

LAYİHƏ

14 Aprel 2023 | 11:22

Azərbaycan vətəndaş cəmiyyəti özünün yeni inkişaf mərhələsindədir

6.3.1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Yaşadığımız mürəkkəb, gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Heç şübhəsiz, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır. Və istər fərdlər, istərsə də dövlətlər az qala hər gün dəyişən yeni dünyanın tələblərinə uyğunlaşmaq üçün çabalar göstərir. Lakin bütün bu sadalananlara rəğmən həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub saxlayır.

Vətəndaş cəmiyyəti - cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçib. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-Roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkişafı intibah dövründə də davam edib və H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapıb. Lakin “vətəndaş cəmiyyəti” termini yalnız XVIII əsrdən indiki mənada istifadə edilməyə başlanıb.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə qədəm qoydu. Vahid partiyalı, vahid ideologiyalı, cəmiyyətin bütün sahələrinə nəzarət edən totalitar rejimin hökmranlığına son qoyuldu.

Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz 1990-cı illərin əvvəlləri yada düşür. Xalqımız o vaxt milli dövlətçiliyini bərpa etsə də, çoxlu mənəvi sarsıntılara məruz qalaraq, böhranlı, ağrılı-acılı, faciəli günlər yaşayıb. 1993-cü ildə ölkədə ictimai-siyasi sabitlik təmin edilib. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlanıb.

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaradır. Artıq on altı ildən çoxdur ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin tarixi kifayət qədər zəngindir:

İlqar Orucov: Vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilir

“Ölkəmizdə müstəqillik uğrunda başlamış mübarizənin ilkin dövrlərindən əsas insan hüquqları, demokratiya, qərarların qəbulunda və reallaşmasında fəal iştirakının təmin olunması, insanlarımızın pozulmuş hüquqlarının bərpası naminə ziyalılarımızın rəhbərliyi ilə yeni formatda vətəndaş cəmiyyəti institutları formalaşdı. Azərbaycan vətəndaş cəmiyyəti böyük və şərəfli inkişaf yolu keçib və özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və xalqımızın ümumi intellektual səviyyəsinə, malik olduğu humanizm prinsiplərinə müvafiq olaraq fərqli dövrlərdə fəaliyyəti üçün yaradılan imkanlar çərçivəsində mövcudluğunu təmin edə bilib. müstəqil Azərbaycan dövləti ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında olduqca maraqlıdır və bunun üçün ən ali səviyyədə siyasi iradə ortaya qoyulub. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində də məqsədli, ardıcıl və davamlı işlər görülüb, konkret institusional qərarlar qəbul edilib”.

İ.Orucov bildirib ki, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatları fəaliyyəti təşviq edilir:

“Artıq cəmiyyət tamamilə yeni çağırışlarla üz-üzədir. Sürətlə dəyişən qlobal dünyanın çağırışları, rəqəmsallaşma, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, resursların məhdudiyyətləri, miqrasiya, COVID-19, enerji böhranı və müharibə kimi qlobal problemlərlə üzləşən vahid həllər üçün vətəndaş cəmiyyətinin səfərbər olması, dəyişikliklərə hazırlıqla əlaqədar adekvat seçim imkanlarının düzgün müəyyənləşdirə bilməsi olduqca vacibdir. Bizim vətəndaş cəmiyyəti və onun tərkib elementi olaraq QHT sektoru həm qlobal, həm də milli maraqların cəmləşdiyi yükü daşımaq imkanında olmalıdır”.

Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə, həm müharibə dövründə qeyri-hökumət təşkilatlarımızın milli dövlətçilik maraqları naminə fəaliyyətində kifayət qədər yaxşı nümunələr mövcuddur:

“Azərbaycan həqiqətlərinin təbliği, haqq səsimizin beynəlxalq səviyyəyə çatdırılması, informasiya savaşında geridə qalmamaq kimi missiyaları qeyri-hökumət təşkilatları ən yüksək səviyyədə həyata keçirə bildilər və bu gün də cəmiyyətin müxtəlif təbəqələrindən olan – fərqli peşə sahibləri, tələbələr, könüllülər, peşəkar mütəxəssislər olaraq təmsil olunduqları ictimai birliklər vasitəsilə dövlətin və dövlətçiliyin yanındadırlar. Biz 44 günlük Vətən savaşında həm döyüş meydanında, həm arxa cəbhədə, həm beynəlxalq müstəvidə müxtəlif formatlarda haqq işimizə birmənalı dəstək ifadə edən qeyri-hökumət təşkilatlarından olan fəallarımızı görə bilirdik”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR