• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

2023-cü il sahibkarlar üçün yeni imkanlar vəd edir

LAYİHƏ

17 Fevral 2023 | 15:17

2023-cü il sahibkarlar üçün yeni imkanlar vəd edir

6.3.12 Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azad ticarətin, sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.

Bəs hansı yollarla liberal iqtisadiyyatın verdiyi faydadan daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər?

Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Vüqar Bayramov: Tenderlərdə şəffaflığın gücləndirilməsi azad iqtisadiyyatın, sahibkarlığın inkişafı baxımdan vacibdir

Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 2023-cü ildə bütövlükdə iqtisadiyyatın liberellaşdırılmasının güclənəcəyi gözlənilir: “2023-cü ildə Rəqabət Məcəlləsinin müzakirəsinin təşkil ediləcəyi planlaşdırılır. Çünki Rəqabət Məcəlləsi artıq Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iş planın daxil edilib. Bu o deməkdir ki, Rəqabət Məcəlləsi hökumətə təqdim olunub və Milli Məclisə təqdim olunduqdan sonra müzakirələrə başlayacaq”.

Deputat deyib ki, Rəqabət Məcəlləsi iqtisadiyyatın liberallaşdırılması, rəqabətin güclənməsi və azad sahibkarlığın inkişafı baxımdan vacib hesab olunur. Bu məcəllə ilə yanaşı, həm də dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanır. Məqsəd də məhz dövlət satınalmalarının genişləndirilməsi, şəffaflığın artırılması, təkmilləşdirilməsidir.

V.Bayramovun sözlərinə görə, bu da, birmənalı şəkildə, tenderlərdə şəffaflığın gücləndirilməsinə, hesabatların artmasına imkan verəcək: “Bu da, təbii ki, azad iqtisadiyyatla birlikdə, eləcə də, sahibkarlığın inkişafı baxımdan vacib hesab olunur. Artıq “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunu cənab prezident tərəfindən təsdiq olundu. Bu, dövlət layihələrində iştirak etmək baxımdan sahibkarlar üçün yeni imkanlardır. Ona görə, 2023-cü ildə sahibkarlar və iqtisadiyyat üçün imkanlar geniş olacaq. Məqsəd də ondan ibarətdir ki, bütövlükdə qeyri-neft sektorunun dəstəklənməsi və iqtisadi diversifikasiya ilə bağlı hədəflərə daha qısa müddətdə nail olunması mümkün olsun. Bu konteksdən, 2023-cü il sahibkarlar üçün yeni imkanlar, iqtisadiyyatın liberallaşdırılması baxımdan yeni fəaliyyətlər vəd edir”.

Elmir Səfərli: İqtisadiyyatın inkişafını təmin edən əsas elementlərdən biri də azad sahibkarlığın formalaşdırılmasıdır

İqtisadçı Elmir Səfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bir ölkənin iqtisadiyyatının inkişafını təmin edən əsas elementlərdən biri də azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılmasıdır: “Belə ki, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, diversifikasiya olunmuş iqtisadi strategiyaların həyata keçirilməsi sosial- iqtisadi dayanıqlılığının artırılması, institusional islahatlar kontektsində davamlı inkişafın təmin edilməsi, və eləcə də, ölkədə sabit və davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin və zəruri hesab edilir. Keçmişə nəzər salsaq, görərik ki, müstəqillikdən sonra Azərbaycanda iqtisadiyyatının formalaşmasında əsas prioritet sahə neft-qaz sektoru olub. Bu baxımdan, demək olar ki, “Əsrin müqaviləsi” imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilib. Statistik rəqəmlərə baxsaq, görərik ki, hətta 2000-2017-ci illər arasında belə birbaşa xarici investisiya həcminin, demək olar, 85%-dən çoxu neft sektoruna edilmiş investisiyalardır”.

Ekspert qeyd edib ki, lakin 2010-cu ildən etibarən aparılan islahatların gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı konsepsiyaların tətbiqi, eləcə də, qeyri-neft sektoruna dövlət dəstəyinin əhəmiyyətli dərəcə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi, özəl sektorda, xüsusən də kiçik və orta sahibkarlıqda iqtisadi və hüquqi islahatların aparılması ilə liberal biznes mühitinin formalaşdırılması, sahibkarlara dövlət dəstəyinin artırılması və iqtisadıyyatın şaxələndirilməsi istiqamətində dövlət-özəl tərəfdaşlığının formalaşdırılması daha ön plana çıxdı: “Bir iqtisadiyyatın güclü olması, təbii ki , ölkə daxilində elmin müxtəlif metodologiyalarından istifadə etməklə daxili istehsalın gücləndirilməsindən asılıdır. Bu kontektsdə, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin yaradılması üçün təşviqatın aparılması daha prioritet olmalıdır. Hətta bütün bu müddəalar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyasında yer alır. Bugün reallıqlara nəzər yetirsək, Azərbaycanda azad biznes mühitinin və liberal iqtisadiyyatın formalaşması üçün bir çox addımlar atılır. Məsələn, investisiya təşviqi sənədini almış hüquqi və fiziki şəxslər həmin sənədi aldığı müddətdən 7 il içərisində xüsusi güzəştlər əldə etdilər və ya ixrac təşviqi şamil olunan mallar siyahısında nəzərdə tutulan məhsulların ixracı zamanı gömrük dəyərinin 3-6 faiz hissəsi büdcə hesabına geri ödənildi. Bu kimi təşviq və promo strategiyalar sahibkarların qeyri-neft sektoru sahəsində məhsul və xidmətlərin istehsalına investisiyalara yönəldir”.

Onun sözlərinə görə, digər tərəfdən, bir çox sahibkarlara, xüsusən də, qeyri-neft sektorunda fəaliyyət göstərən iş adamlarına və müəssisələrə xüsusi vergi, gömrük və s. güzəştlərin edilməsi, eləcə də, aşağı və ya qarşılıqsız kredit və subsidiyaların verilməsi, iqtisadi gərginlik şəraitində dövlət tərəfindən kompensasiyaların ayrılması, dövlət büdcəsindən sahibkarlara müəyyən təşviq vəsaitlərinin təmin edilməsi, xüsusi dövlət səviyyəli yoxlamaların və eyni zamanda lisenziya tələb olunan fəaliyyət sahələrinin azaldılması, investisiya layihələrində dövlət-özəl tərəfdaşlığının yaradılması, dövlətin sahibkarlara diqqətinin artırılması ölkə səviyyəsində liberal biznes mühitinin yaranmasına mühüm dəstək verir: “Bu fəaliyyətləri yüzlərlə artırmaq mümkündür. Mən düşünürəm ki, biz hələ qarşımıza məqsəd qoyduğumuz azad rəqabət mühitinin hədəf nöqtəsinə çatmamışıq. Bunun üçün ilkin növbədə, növbəti 10 il üçün bir sıra addımların atılması daha məqsədə uyğun hesab edilə bilər. Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, ölkədə sağlam rəqabət mühitinin davamlılığı üçün bir sıra strategiyalar tətbiq olunmalı və əhalinin özəl sahibkarlığa qarşı olan inamı artırılmalı, fəaliyyətinin təmin olunması üçün dövlət səviyyəsində dəstək verilməlidir”.

E.Səfərli vurğulayıb ki, ikinci növbədə, ölkə səviyyəsində son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır: “Eyni zamanda qeyri-neft sektoru üzrə daxili investisiyaların həcminin artırılması üçün təşviqat proqramları hazırlanmalı, paralelində xarici investisiyaların cəlb edilməsi istiqamətində dəstəkverici konsepsiyalar irəli sürülməlidir. Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökümət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir. Sahibkarların hüquqlarının qorunması üçün qanunvericilik aktlarında xüsusi dəyişikliklər olmalı və investorlar üçün xüsusi təminat strategiyaları formalaşdırılmalıdır”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyiilə hazırlanıb

 


SON XƏBƏRLƏR