“Azərbaycan və Türkiyə tərəfi öz mövqelərini ortaya qoyublar. Əksər dövlətlər də Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, İranın mövqeyində müəyyən dəyişikliklər var:
“İran rəsmiləri artıq əvvəlki kimi dəhlizlə bağlı qıcıqlandırıcı bəyanatlar vermirlər. Bu da ondan xəbər verir ki, Tehran hökuməti də müəyyən reallıqları qəbul etməyə başlayıb. Əlbəttə, qeyri-regional iştirakçılar da bu layihənin reallaşmasında maraqlı görünürlər. İsmarıc da onlaradır. Hazırda top Ermənistandadır. İrəvan nəhayət öz qərarını verməli, layihəyə qoşulmalıdır".
İlqar Vəlizadə: İrəvan inadkar mövqeyini sürdürərsə, dalanda qalmağa davam edəcək
Siyasi şərhçi əlavə edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, regional layihələrin parçasına çevriləcək:
"Bununla İrəvan digər layihələrdə də iştirak şansı əldə edəcək. Ancaq İrəvan inadkar mövqeyini sürdürərsə, dalanda qalmağa davam edəcək. Son vaxtlar erməni mətbuatı iddia edir ki, guya Zəngəzur dəhlizinin təhlükəsizliyini ABŞ-nin hansısa beynəlxalq şirkəti həyata keçirəcək. Guya bu şirkət yükləri yoxlayacaq və insanların təhlükəsiz keçidini təmin edəcək və s. Ermənistan hökumətinin bu təklifi götür-qoy etdiyi də deyilir. Amma Azərbaycan tərəfinin bununla bağlı rəsmi açıqlaması, hansısa reaksiyası yoxdur. Bu da onu göstərir ki, sözügedən təklif real deyil. Gündəmdə olan Azərbaycanın irəli sürdüyü şərtlərdir ki, Türkiyə də qeyd-şərtsiz bunu dəstəkləyir. İrəvan Bakının dediklərinə əməl etsə, Zəngəzur dəhlizi açılacaq".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcəyini deyib. Ərdoğan qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür: "Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir.
Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq".
Türkiyə lideri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir. Ərdoğan əlavə edib ki, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək.
Aydın Baxış