ABŞ Prezidenti Donald Tramp BRICS birliyinin tərəfdaşlarına qarşı əlavə 10% rüsum tətbiq edəcəyini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Braziliya prezidenti Luis İnasiu Lula da Silva Trampın bu təhdidlərini "məsuliyyətsiz" və "qeyri-ciddi" adlandırıb. O, ABŞ kimi böyük bir ölkənin prezidentinin dünyanı təhdid etməsinin məsuliyyətli və ciddi addım olmadığını bildirib.
Bundan əlavə, Silva Trampı Braziliyanın daxili işlərinə qarışmaqda ittiham edib və Trampa cavab olaraq "Braziliya demokratiyasının müdafiəsi braziliyalıları maraqlandıran məsələdir. Biz suveren ölkəyik, heç kimin müdaxiləsini və qəyyumluğunu qəbul etmirik. Heç kim qanundan, xüsusən də azadlığı və qanunun aliliyini təhdid edənlərdən üstün deyil" sözlərini söyləyib.
Braziliya prezidentinin bu cür sərt reaksiyası ABŞ ilə siyasi-iqtisadi gərginliyə səbəb ola bilərmi? Trampın son iqtisadi qərarlarının kökündə hansı məqsədlər dayanır?
Politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində Braziliya ilə ABŞ arasında münasibətlər əməkdaşlıq deyil, qarşı duran tərəf formatındadır:
"Bunun səbəblərindən biri Braziliyanın ABŞ-nin əsas rəqibləri olan Çin və Rusiya ilə birlikdə BRİCS təşkilatının qurucu dövlətlərindən biri olmasıdır. Şübhəsiz ki, Braziliya-ABŞ münasibətlərinin gərginliyi artan xəttlə davam edəcək”.
Müsahibimiz xatırladıb ki, bu gün ABŞ prezidenti Donald Tramp Braziliya kimi rəqib ölkə ilə yanaşı, mütəffiq dost ölkəsi olan Kanadanı da Amerikaya birləşdirməyə çalışır. Tramp həmçinin Danimarkanın və Qrelandiyanın suverenliyini təhdid edir. Bu fonda Braziliyanın da təhdid olunması ABŞ üçün beynəlxalq nüfuz və bir dövlət kimi imicinin korlanması baxımından heç də narahatlıq yaratmır.
Taleh Əliyev: Dünya yenidən böyük dövlətlər tərəfindən yeni nüfuz arealına bölünür
T.Əliyevin fikrincə, indiki dövrdə İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemi çökmüş vəziyyətdədir. Belə ki, dünya yenidən böyük dövlətlər tərəfindən yeni nüfuz arealına bölünür və yeni dünya düzəni formalaşır.
"Bu dünya düzənini formalaşdıran ABŞ və onun mütəffiqləridir. Ona görə də Braziliya tərəfinin suverenlik və müstəqilliklə bağlı ifadələri söz yığınından başqa bir şey deyil. Silvanın sərt açıqlamaları gərgin olan ABŞ-Braziliya münasibətlərinə əlavə gərginlik effekti gətirəcək. ABŞ bu gün bütün dünya ölkələrinə qarşı ticari müharibə elan edibsə, burada Braziliyanın da öz nəsibini alması qaçılmazdır", - Taleh Əliyev əlavə edib.
Gülşən Şərif