• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Medianın maddi bazası möhkəmləndirilir

LAYİHƏ

06 Aprel 2023 | 15:36

Medianın maddi bazası möhkəmləndirilir

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Audiovizual media subyektləri istisna olmaqla, media subyektləri öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib, qeyd olunan qanunun qüvvəyə minməsi ilə bağlı dövlət başçısı 1 aprel tarixində müvafiq Fərman imzalayıb. Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinə vergi güzəşti və azadolmaları verilib.

Əsasən stimullaşdırıcı xarakter daşıyan bu dəyişikliklər gələcəkdə media subyektlərini daha çevik və iqtisadi fəallığa uyğun biznes qurmağa, bu sahədə rəqabət mühitini təmin etməklə bütövlükdə medianın inkişafını təşviq etməyə şərait yaradacağı bildirilir.

Həqiqətən vergi güzəştləri media subyektlərinin maliyyə dayanıqlığını artıracaqmı?

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, media subyektlərinin vergidən azad edilməsi bütövlükdə medianın inkişafı baxımından vacib hesab olunur.

“Nəzərə alsaq ki, bu, medianın gəlirlərinin artmasına və bütövlükdə verginin tətbiq edildiyi müddətdə, təxminən 10 milyon manatlıq qənaətin əldə edilməsinə imkan yaradacaq. Xüsusən nəzərə alsaq ki, əvvəlki qaydalarda media reklam və digər gəlirlər əldə edən zaman vergi ödəyirdi, artıq bu vergi olmayacaq və praktik olaraq media subyektləri gəlir, mənfəət, eləcə də sadələşdirilmiş vergidən azad olunacaqlar. Məsələn, əvvəllər media gəlir əldə edirdisə, bu gəlir vergisinə cəlb olunurdu və nəticədə media subyekti vergi ödəmək məcburiyyətində qalırdı. Amma artıq gəlir əldə edən media subyekti bu vergini ödəməyəcək və bu da imkan verəcək ki, məhz həmin vəsait media subyektinin hesabında, sərəncamında qalsın. Bu da təbii ki, media subyekti üçün vəsaitin istifadəsi baxımından yeni imkanlar deməkdir. Eyni zamanda oxşar olaraq bu mənfəətlə bağlıdır. Çünki nəzərə alsaq ki, media subyektləri mənfəət əldə edən zaman 20% vergi ödəyirdilər, məsələn, əgər media subyekti 10 min manatlıq mənfəəti olubsa onun 20%-ni vergi olaraq ödəmək məcburiyyətində qalırdı. Artıq belə bir məcburiyyət yoxdur”, - deyə V.Bayramov bildirib.

O qeyd edib ki, artıq 2000 manat vəsait vergi formasında odənilməyəcək, media subyektinin sərəncamında qalacaq: “Təbii ki, medianın inkişafı baxımından vacib hesab olunur. Bütövlükdə qəbul edilən qərar, azadolmalar medianın inkişafını stimullaşdıracaq, maliyyə müstəqilliyinin genişləndirilməsinə, xüsusən də gəlirlərin artmasına imkan yaradacaq. Bu baxımdan kifayət qədər pozitiv bir tədbirdir və nəticə etibarilə bu birmənalı şəkildə medianın inkişafına xüsusi təkan verəcək”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Aqil Ələsgər Bakıvaxtı.az-a bildirib ki, media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaqdır.

“Vergi güzəştləri media sahəsində şəffaflaşmağa və inkişafa təsir edəcək. Yeni qanunda - “Media haqqında” qanunda yeni çağırışlar öz əksini tapıb. Bu da dövlətin media siyasətində dəyişikliyin göstəricisidir. Medianın 3 il ərazindən vergilərdən azad etməsi də media subyektlərini inkişafına təkan verəcək”, - deyə A.Ələsgər bildirib.

O qeyd edib ki, “Media haqqında” qanun və media subyektləri üçün elan edilən müsabiqələrin şərtləri jurnalistlərin də marağına cavab verir: "Təəssüf ki son illərə kimi media sahəsində şəffaflığın, qara mühasibatlığın olması da jurnalistlərin də fəaliyyətinə təsir edirdi. Media subyektlərinə vergi güzəşti və azadolmaları verilməsi də problem həll edib.

Onu da bildirim ki, 2015-ci ildə baş verən devalvasiyadan sonra iqtisadiyyatın müxtəlif sahələrinə vergi güzəştləri tətbiq edildi və yoxlamalar dayandırıldı. Dünyada müşahidə olunan böhranın fonunda Azərbaycan modeli sahibkarları gözləyən problemlərdən xilas etdi.

Azərbaycan mediasının da belə dəstəyə ehtiyacı vardı. Dövlətin maliyyə dəstəyi ilə yanaşı reklam bazarından da mediaya dəstək gözləyirik. Sahibkarlıq subyektləri ilə yanaşı dövlət qurumları da sosial reklamları media qurumlarına verməsini gözləyirik".

A.Ələsgər deyib ki, qanunvericiliyə edilən dəyişikliklər iqtisadi imkanlar yaratmağı şərtləndirən amil olmaqla yanaşı qlobal böhran risklərindən qorunma təminatını da verir: “Vergi güzəştlərinin tətbiq edilməsi media subyektlərinin xarici təsirlərdən qorunması baxımından da önəmlidir. Media subyekti dövlətdən və yerli şirkətlərdən dəstək alırsa, xarici təsirlərə düşmək ehtimalı az olur.

Təəssüflə qeyd edək ki, 30 ildir yerli media fəaliyyət göstərsə də, şirkətləşmə prosesi demək olar ki getməyibdir. Ölkəmizdə yeni media siyasəti media menecerliyi institutunun yaradılmasına, media subyektlərinin şirkətləşməsinə təkan verəcək.    

Onu da bildirim ki, jurnalistlərin güzəştli ipoteka ilə mənzil ala bilməsi də onların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, media subyektlərinin müstəqilliyinin ilk şərti iqtisadi azadlıqdır.

“Bildiyiniz kimi, biz vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmağı ali niyyət kimi konstitusion formada müəyyən etmişik.  Vətəndaş cəmiyyətinin bərqərar olunması, habelə bütövlükdə qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu prosesində də müstəqil medianın mövcudluğu ən vacib şərtlərdən biridir. Media subyektlərinin müstəqilliyinin ilk şərti isə heç şübhəsiz ki, iqtisadi azadlıqdır. Cənab Prezident "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu imzalamaqla media subyektlərinin iqtisadi müstəqilliyinə çox mühüm töhfə vermiş oldu.

Düzdür, qanunlar Milli Məclisdə qəbul olunur, amma bu normativ hüquqi aktın təşəbbüskarı da cənab İlham Əliyev idi və layihə Parlamentə qanunvericilik təşəbbüsü qaydasında məhz dövlət başçımızın imzası ilə daxil olmuşdu. Beləliklə, qanunun imzalanması ilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər verigisindən azad olundu”.

Deputat bildirib ki, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də ƏDV-dən azad olunacaq: “Bu da həmin iş və xidmətlərə görə xərclərə əsaslı sürətdə təsir edəcək.  Lakin bildiyiniz kimi, normativ hüquqi akt audiovizual media subyektlərini əhatələmir və bu da çox normaldır.  İlk olaraq ona görə ki, audiovizual medianın bu gün tam olmasa da, nisbi oturuşmuş reklam bazarı var və cari qanunun əhatə dairəsində olan digər media subyektləri ilə müqayisədə audiovizual medianın iqtisadi durumu daha ürəkaçandır.

Əlbəttə, audiovizual media subyektləri də həmişə dövlətin diqqətindədir və ehtiyac hasil olarsa, onlar üçün də bu və ya digər formada dəstək davam etdirilə bilər. Yəni dövlət üzərinə düşəni edir və bundan sonra da edəcək, lakin unutmayaq ki, bizim əsas məqsədimiz tam müstəqil iqtisadi imkanlara malik media ekosistemi qurmaqdır.  Bunun üçün isə bildiyiniz kimi, bazar münasibətləri əsasında, azad sahibkarlığa təminat verməklə, media biznes sektorunda heç bir formada inhisarçılığa və haqsız rəqabətə yol verməməyi konstitusion hədəf kimi müəyyən etmişik”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Qeyd olunan güzəşt və azadolmaların audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə verilməsi istisna olunub.  

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024