• Bakı 19° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İnsan hüquqlarının qorunması istiqamətində keyfiyyət dəyişikliyi

LAYİHƏ

31 Mart 2023 | 15:26

İnsan hüquqlarının qorunması istiqamətində keyfiyyət dəyişikliyi

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur.

Demokratik proseslərin və milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən təlatümlü hadisələr, vətəndaş qarşıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdi. Amma ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri oldu. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə əksini tapıb. Ulu öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edir, bu sahədə riskli və prinsipial addımlar atmaqdan belə çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.

Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir.

İnsan hüquqları sahəsində tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalardan 1966-cı il Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını və digərlərini göstərmək olar.

Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atır. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır."Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezidentin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Razi Nurullayev: Məmurlar vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı biliklərə malik olmalıdırlar

Milli Məclisin deputatı Razi Nurullayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəni səviyyəsinin yüksəldilməsi, xüsusən də siyasi fəallığın artırılması yönündə addımlar atılır: “Qanunvericilik səviyyəsində isə, demək olar ki, bu kimi hallar öz həllini tapıb. Amma vətəndaşların hüquq və azadlıqları, mədəni və ictimai səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasına yönəlik addımların həyata keçirilməsində müəyyən problemlər yaşanır və bunu açıb deməliyik. Deməzdim ki, bu, bibaşa hökumət və hakimiyyətin apardığı siyasətdən asılıdır. Sadəcə olaraq ayrı-ayrı qurumlar, vəzifəli şəxslər bu qanunlarla yaxından tanış deyil, öyrənməkdə maraqlı deyillər. Ona görə də, zaman-zaman bəzən çox adi məsələlərdə də vətəndaşları narazı salırlar. Onlar da öz dövlətindən, hökumətindən, parlamentindən narazı qalır. Bu, yolverilməzdir”.

Deputat hesab edir ki, birinci növbədə dövlət orqanlarında işləyən insanlar vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı kifayət qədər informasiya və biliklərə malik olmalıdırlar.

R.Nurullayevə görə, bəlkə də, çox yaxşı olar ki, vətəndaşlara xidmət sahəsində çalışan, vətəndaşlarla daima ünsiyyətdə olan, onların şikayətlərini qəbul edən və dinləyən qurumların əməkdaşlarının hamısı müəyyən bir imtahana, seminarlara cəlb olunsunlar və dərs keçilsin: “Bunlar mütəmadi olaraq həyata keçirilsin. Həmin dövlət qurum və komitələrənin dövlətə aid, hətta dövləti sərmayə payı olan dövlət şirkətlərində mütamadi olaraq təqvimə uyğun ən azı ildə 3-4 dəfə bu cür təlimlər keçirilsin. Bu bir, iki, üç il yox, dünya durduqda, Azərbaycan yaşadıqca, bəşəriyyət olduqca keçirilməlidir. Çünki bəzən bu cür şəxslərin vətəndaşları narazı salması dövlətin, hökumətin adına yazılır. Bu yolverilməzdir. Çünki hökumət, dövlər heç zaman istəməz ki, onun vətəndaşının hüququ pozulsun, onun vətəndaşı dövlətindən, hökumətindən narazı qalsın. Lakin ayrı-ayrı şəxslərin fərdi fəaliyyəti və davranışı nəticəsində vətəndaşlar incidilir, narazı salınır. Bu da bütövlükdə ölkənin, dövlətin, hökumətin adına yazılır. Mənim təklifim və deyəcəklərim bundan ibarətdir”.

Elşad Mirbəşiroğlu: Cəmiyyət üzvü cəmiyyətdə gedən siyasi proseslərə reaksiya verirsə, bu siyasi mədəniyyət elementi sayıla bilər

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, istənilən cəmiyyətdə həm siyasi münasibətlər sistemi, həm də o cəmiyyətin ümumi inkişafı, təhlükəsizliyi, sabitliyi cəmiyyət üzvlərinin siyasi mədəniyyət səviyyəsindən çox asılıdır: “Təbii ki, siyasi mədəniyyətin mahiyyətini düzgün izah etmək və dərk etmək vacibdir. Siyasi mədəniyyət cəmiyyət üzvünün ətrafında cərəyan edən siyasi proseslərə reaksiyası və düzgün qiymət vermə bacarığı kimi izah oluna bilər. Yəni cəmiyyət üzvü cəmiyyətdə gedən siyasi proseslərə reaksiya verirsə, bu artıq siyasi mədəniyyət elementi sayıla bilər. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şəraiti, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin mövcudluğuna dəlalət edir. Siyasi mədəniyyət, həmçinin cəmiyyətdə siyasi iştirakçılıq imkanlarının olmasını önə çəkir”.

Deputat qeyd edib ki, Azərbaycanda son dövrlərdə siyasi dialoqun qurulması və inkişaf etdirilməsi istiqamətində olduqca təsirli addımlar atılmaqdadır: “Məsələn, bu istiqamətdə Azərbaycan Respublikası Prezident Administrasiyasında ayrıca siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbənin yaradılması yeni siyasi dialoq mühitinin formalaşdırması iradəsini təstiq edirdi. Hesab edirəm ki, müxtəlif siyasi qüvvələr arasında dialoqun qurulması, hakimiyyətlə müxalifət partiyaları və ya ümumilikdə siyasi partiyalar arasında konstruktiv dialoqun qurulması, siyasi partiya liderləri ilə görüşlərin təşkil edilməsi cəmiyyətdə həm siyasi iştirakçılığa mühim töhvədir, həm də siyasi mədəniyyətin yüksəldilməsi imkanlarını genişləndirir. Bir daha qeyd etmək istəyirəm ki, siyasi mədəniyyətin inkişafını şərtləndirən başlıca amillərdən biri məs siyasi iştirakçılıq imkanının olmasıdır. Azərbaycanda siyasi iştirakçılığın təmin olunması üçün kifayət qədər münbit şərait mövcud olmaqdadır. Nəzərə almaq lazımdır ki, həyati vacib və digər anlarda cəmiyyətdə ümumi həmrəylik ruhu bunu göstərir ki, ölkədə siyasi mədəniyyət inkişafı özünün keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoymaqdadır. Mən bunları atılmış mühim addımlar kimi dəyərləndirirəm”.

E.Mirbəşiroğlu vurğulayıb ki, hər bir cəmiyyət üzvü özü öz hüquqları haqqında aydın təsəvvürlərə malik olmalıdır: “Həm dövlət vətəndaşlarının hüququnun qorunması istiqamətində davamlı addımlar atmalıdır, həm də vətəndaşın özü öz hüquqlarını bilərək nəyin müdafiə olunacağı haqqında aydın təsəvvürlərə malik olmalıdır. Azərbaycan Respublikası Milli Məclisində çoxsaylı qanun layihələri insan hüquqlarının inkişafı və möhkəmləndirilməsi məsələlərini əhatə edir. Milli Məclisdə davamlı olaraq insan hüquqları ilə bağlı mövcud qanunvericiliyə əlavə dəyişiklərin edilməsi baş verir, bu istiqamətdə müxtəlif müzakirələr həyata keçirilir. Təbii ki, praktiki müstəvidə keyfiyyət dəyişikliyini təmin etmək üçün keyfiyyətli qanunvericilik bazasının olması vacibdir. Bu baxımdan düşünürəm ki, insan hüquqlarının qorunması istiqamətində ölkəmizdə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində intensiv addımlar atılır. Düşünürəm ki, bu da insan hüquqlarının qorunması istiqamətində keyfiyyət dəyişikliyini təmin edir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR