• Bakı 13° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Ailə planlanlanması nədən ibarətdir? Səhiyyə Nazirliyinin mütəxəssisindən tövsiyə

CƏMİYYƏT

03 Noyabr 2025 | 11:21

Ailə planlanlanması nədən ibarətdir? Səhiyyə Nazirliyinin mütəxəssisindən tövsiyə

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Flora Hüseynova nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir?


- Flora xanım, öncə kontrasepsiya və onun əhəmiyyəti barədə məlumat verərdiniz…

- Kontrasepsiya anlayışı sadəcə hamiləliyin qarşısını almaq deyil, həm də sağlam və xoşbəxt bir ailə həyatının planlanlandırılmasıdır. Bu, reproduktiv sağlamlığın əsas elementlərindən biri kimi, ailələrə uşaqlarının sayını və doğulma vaxtını öncədən müəyyənləşdirməyə imkan verir.
Müasir kontraseptiv üsullar müxtəlifdir. Belə ki, bariyer metodları, hormonal preparatlar, təbii üsullar, uzunmüddətli geri çevrilən və daimi metodlar hər bir ailənin fərqli ehtiyacına cavab verə bilir. Əsas məqsəd isə qadın və kişinin öz gələcəkləri üzərində şüurlu qərarlar verməsidir.
Kontraseptiv metodlar əsasən üç qrupa bölmək olar. Məcburi olmayan, yəni qeyri-tibbi metodlara təqvim üsulu və təbii ailə planlaşdırılması.
Bariyer üsulları – prezervativ və diafraqma – həm hamiləlikdən qoruyur, həm də cinsi infeksiyaların qarşısını alır. Hormonal vasitələr, məsələn, həb, inyeksiya və dəri altı implantlar yüksək effektivliyi ilə seçilir. Daxilə yerləşdirilən vasitələr – spiral və digər IUD-lər uzunmüddətli qorunma imkanı yaradır.
Cərrahi sterilizasiya üsulu (qadında boruların, kişidə toxum yollarının bağlanması) isə qadın və ya kişidə daimi qorunma təmin edən metod sayılır.
Kontrasepsiya sayəsində arzuolunmaz hamiləliklərin qarşısı alınır, qadınların sağlamlığı qorunur, uşaqlar isə daha yaxşı həyat şəraiti ilə dünyaya gəlirlər.

- Kontrasepsiyada ən çox rast gəlinən yanlış fikirlər hansılardır?

- İnsanlar düşünür ki, kontraseptiv üsullar sağlamlığa ciddi zərər vurur. Halbuki, müasir metodlar həkim məsləhəti ilə seçildikdə tamamilə təhlükəsizdir. Digər yanlış fikir isə budur ki, ailə planlanması yalnız qadının məsuliyyətidir. Əslində bu, həm qadının, həm də kişinin ortaq qərarı olmalıdır.
Başqa bir yanlış fikir, ailə planlaşdırılmasının ailələrin çoxuşaqlı olmasına maneə yaratmasıdır. Əslində isə ailə planlanması uşaqların sayını azaltmaq yox, onları daha sağlam və planlı dünyaya gətirmək üçün mövcuddur.
Çox vaxt hormonal həb sonsuzluğa səbəb olur deyə düşünülür, lakin bu, həqiqətə uyğun deyil. Əksinə, həb dayandırıldıqdan sonra qadının doğma qabiliyyəti bərpa olunur. Qoruyucu üsul (prezervativ) yalnız arzuolunmaz hamiləliyin qarşısını almır, eyni zamanda cinsi yolla keçən infeksiyalara qarşı da effektiv qoruyucu vasitədir. Spiralın yalnız çox uşaq doğmuş qadınlara qoyulması ilə bağlı fikir də səhvdir, çünki bu vasitə doğmamış qadınlarda da tətbiq oluna bilər.

- Kontrasepsiya ailə planlanması prosesində hansı rolu oynayır?

- Kontrasepsiya ailə planlanmasının ən əsas vasitəsidir. O, insanlara seçim imkanı verir. Əgər ailə hələ uşağa hazır deyilsə, bu metodlardan istifadə etməklə hamiləlik təxirə salına bilər. Əksinə, ailə artıq övlad sayını tamamladığını düşünürsə, uzunmüddətli və ya daimi kontraseptiv üsullardan faydalana bilər.
Ən vacib məqam odur ki, hər kəs üçün uyğun üsul fərqli ola bilər. Buna görə də mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər bir qadının yaşı, sağlamlıq vəziyyəti və həyat planları fərqlidir.

- Sağlamlıq baxımından ailə planlanmasının üstünlükləri nələrdir?

- Birincisi, hamiləliklər arasında kifayət qədər fasilə saxlamaq çox önəmlidir. Qadın orqanizminin tam bərpa olunması üçün zamana ehtiyacı var. Əgər hamiləliklər çox sıx aralıqlarla baş verirsə, bu həm ananın sağlamlığını, həm də körpənin inkişafını risk altına sala bilər. Planlı hamiləliklər isə ananın əvvəlcədən tibbi müayinədən keçməsinə, lazım gələrsə vitamin və dəstəkləyici müalicə qəbul etməsinə şərait yaradır. Bu isə nəticədə həm ana, həm də uşaq üçün sağlamlıq baxımından daha yaxşı nəticə deməkdir.
İkinci tərəfi isə psixoloji rifahdır. Arzuolunmaz hamiləliklər çox vaxt ailədə gərginlik yaradır, stresi artırır. Əgər ailə hamiləliyi əvvəlcədən planlaşdırırsa, bu həm ana, həm ata, həm də ailənin digər üzvləri üçün daha sakit və xoşbəxt mühit yaradır.
Müasir tibb ailə planlaşdırmasına bir çox yolla dəstək olur. Hamiləlik dövrünü təhlükəsiz keçirmək üçün genetika və prenatal diaqnostika kimi sahələr inkişaf edib. Bu texnologiyalar gələcək valideynlərə sağlam uşaq dünyaya gətirmək üçün əlavə imkanlar verir.

- Ailə planlanlandırılması həmişə asandırmı, yoxsa çətinliklər baş verə bilər?

- Ailə planlanlandırılması bəzən asan görünsə də, hər zaman sadə olmur. Çətinliklər tibbi və ya psixoloji səbəblərdən qaynaqlana bilər. Cütlüklər uzun müddət uşaq sahibi ola bilmədikdə, bu, hormonal pozuntular, sonsuzluq və digər tibbi problemlərlə bağlı ola bilər. Belə hallarda həkim müayinəsi və müalicəsi vacibdir.
Genetika və prenatal diaqnostika isə gələcəkdə sağlam uşaq dünyaya gətirmək üçün valideynlərə əlavə dəstək olur.
Ailə planlanlandırılmasında təkcə tibbi səbəblər rol oynamır. Cəmiyyət və ailə tərəfindən edilən təzyiqlər cütlüklərdə psixoloji gərginlik yarada bilər. Bu isə, öz növbəsində, münasibətlərə mənfi təsir göstərir. Bu hallarda, cütlüklər öz qərarlarında qəti olmalı və kənar fikirləri çox nəzərə almamalıdırlar.

- Ailə planlanlanmasının qadınların sosial həyatına və karyerasına təsiri necə olur?

- Qadınların həyatında ailə planlaması çox böyük rol oynayır. Təsəvvür edin ki, bir qadın təhsilini davam etdirmək, peşəkar sahədə irəliləmək istəyir. Əgər o, hamiləliklərini planlı şəkildə həyata keçirirsə, həm öz arzularını reallaşdıra, həm də daha sonra sağlam hamiləliklər yaşaya bilər. Bu, qadının yalnız öz həyatına deyil, ailəsinə müsbət təsir göstərir. Çünki güclü, özünə inamlı, karyerasında uğurlu qadın eyni zamanda daha güclü ana olur.
Bundan əlavə, qadınların iş həyatında fəallığı artır və cəmiyyətin inkişafına da töhfə verir. Yəni, ailə planlaması yalnız fərdi səviyyədə yox, həm də ümumi sosial inkişafda mühüm amildir.

- Ailə planlanmasının uşaqların rifahına təsirini necə qiymətləndirmək olar?

- Uşaqlar valideynlərin ən böyük dəyəridir. Əgər ailə uşaqlarının sayını və vaxtını planlı şəkildə müəyyənləşdirirsə, bu zaman hər bir uşağa daha çox diqqət, sevgi və qayğı göstərmək mümkündür.
Planlı ailələrdə böyüyən uşaqlar daha sağlam qidalanır, daha yaxşı təhsil alır və emosional baxımdan daha güclü böyüyürlər. Yəni, ailə planlaması təkcə valideynlərin deyil, uşaqların da gələcəyini qoruyur.

- Sonda ailə planlanmasına dair gənclərə nə tövsiyə edərdiniz?

- Gənclər ilk növbədə düzgün məlumat əldə etməlidirlər. İnternetdə çoxlu elmi əsaslandırılmamış məlumatlar var, ona görə mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər kəs üçün uyğun metod fərqlidir. Hər hansı bir kontraseptiv vasitə istifadə etməzdən əvvəl qadının sağlamlıq vəziyyəti, yaşı, doğuş sayı nəzərə alınmalıdır.
Ailə planlanlandırılması sadəcə tibbi və ya iqtisadi məsələ deyil, bu, sevgi və məsuliyyət dolu bir qərardır. Hər bir cütlüyün öz münasibətini, arzularını və imkanlarını nəzərə alaraq, ailə qurmaq üçün atdığı ən düşünülmüş addımdır.


SON XƏBƏRLƏR