• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Almaniya Azərbaycanın mavi yanacaq ehtiyatlarından yararlanmaq istəyir” 

LAYİHƏ

23 Mart 2023 | 11:04

“Almaniya Azərbaycanın mavi yanacaq ehtiyatlarından yararlanmaq istəyir” 

6.3.4  İctimai və dövlət maraqlarının müdafiəsi

Bu ilin mart ayının üçüncü həftəsini "Prezident Həftəsi" adlandırmaq olar.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həftə ərzindəki fəaliyyəti əlamətdar hadisələrlə yadda qaldı.

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. İki gün davam edən səfər çərçivəsində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansleri Olaf Şolts təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Dövlət başçısı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Bu görüşlərdə təhlükəsizlik, enerji və iqtisadi məsələlər diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.

Azərbaycanın təşəbbüsü ilə keçirilən Fövqəladə Zirvə görüşündə - Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub.

Xüsusi ilə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri, keçirdiyi görüşlər və səfərin yekunları ilə bağlı mətbuat konfransında söylədiyi fikirlər Avropanın bəzi kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Avorpa mətbuatının məqalələrində, həmçinin Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsinin nəticələri və sülh şansını qaçırmamaqla bağlı Ermənistan rəhbərliyinə verdiyi mesajlar əksini tapıb.

Bakıvaxtı.az məsələ ilə bağlı Milli Məclisin deputatlarından şərh alıb.

"Avropanın aparıcı dövləti olan Almaniyaya bir neçə günlük fasilə ilə Cənubi Qafqazın iki dövlət başçısının səfəri gerçəkləşdi. Əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, sonra isə Azərbaycan Prezidenti İlham Əliyev. Ermənistan liderinin səfəri Azərbaycandan ənənəvi şikayətlərlə yadda qaldısa, Azərbaycan Prezidentinin alman iş adamları və şirkət rəhbərləri ilə görüşü ölkəmizin Avropa qitəsi üçün hansı əhəmiyyətə malik iqtisadi tərəfdaş olduğunu bir daha ortaya qoydu. Eyni zamanda, rəsmi Berlinin Azərbaycanla-Ermənistan arasındakı münasibətlərə dair mövqeyinin bir daha səsləndirilməsi nəzərdən qaçmadı".

Bunu Bakıvaxtı.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Elnur Allahverdiyev bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin səfərlərində bir sıra mühüm məqamlar diqqəti cəlb etdi: “Bu səfərlər arasında mediada müqayisələr gözə dəyir, ancaq fikrimcə, Azərbaycanla Ermənistanın beynəlxalq aləmdəki çəkiləri müqayisəedilməzdir. Bu, hər iki ölkənin liderlərinin Almaniyaya səfərləri zamanı aşkar görünürdü. Paşinyan “dəyişikliklər”lə öyünsə də, ən azı bir məsələdə əvvəlkilərdən fərqlənmir: dünya birliyini ənənəvi yalanlarla aldatmaqda. Mövzu bəllidir, Laçın yolu, “125 min erməninin blokadası”, “Azərbaycanın aqressiyası”. Ola bilsin bu, ona daxili siyasi vəziyyəti üçün lazımdır, ancaq dünya birliyi təbii ki, yalanlara o qədər də önəm vermir. Ekoloqların aksiyası artıq 100 gündür davam edir, bu müddət ərzində Laçın yolundan 4 minə yaxın avtomobil keçib, ham hər şeyi gözəl bilir”.

E.Allahverdiyevin fikrincə, Azərbaycanın Avropa qitəsindəki iqtisadi rolu durmadan artır və bunu Prezident İlham Əliyevin alman iş adamları ilə görüşündən görmək olar. “Bu görüşdə iştirak edən şirkətlər var idi ki, illik dövrüyyələri Ermənistan büdcəsindən 3 dəfə çoxdur. Onlar Azərbaycana cəlbedici iqtisadi tərəfdaş olaraq baxırlar, ölkəmizə investisiya və yeni texnologiyalar gətirmək istəyirlər. Bəziləri ilə yüksək texnologiyaların Azərbaycanda istehsalı gündəmdədir. İqtisadi maraqlar “yaşıl enerji”dən tutmuş logistikaya qədər böyük sahəni əhatə edir. Söhbət yüzmilyonlarla dollarlardan gedir. Təbii ki, Paşinyanın Almaniyadakı yalanları bütün bunların fonunda çox aciz təəssürat yaradır” – deyə millət vəkili vurğulayıb.

E.Allahverdiyevin sözlərinə görə, Avropanın bir neçə dövlətinə mavi yanacaq ixrac edən Azərbaycanın bu istiqamətdə Almaniya ilə işbirliyi yaxın gələcəyin məsələsidir: “Görüşlərdə bu məsələnin üzərinə gəlindi. Azərbaycanın ixrac kəmərləri Avropanın mərkəzinə çatır. Almaniya Azərbaycanın mavi yanacaq ehtiyatlarından yararlanmaq istəyir. 

İlham Əliyevin səfəri daha bir məqam baxımdan önəmli idi. Az əvvəl Paşinyanla görüşdə Almaniyanın baş naziri Olaf Şultsun Qarabağla bağlı bəyanatı yanlış yozulmuş və Ermənistan hakimiyyəti, habelə KİV-i tərəfindən manipulyasiya alətinə çevrilmişdi. “Təbii ki, bunun da ömrü uzun çəkmədi. Cəmi bir neçə gün sonra Azərbaycan lideri ilə görüşü zamanı Şults bütün dünya kimi Almaniyanın da erməni separatçılarının yaratdıqları kvaziqurumu tanımadığını bəyan etdi. Bu təbii ki, gözlənilən idi. Sadəcə olaraq aydın deyil, Paşinyan və hakimiyyəti nəyə ümid edirlər? BMT TŞ-nin 4 qətnaməsinin qeyb olmasına, yoxsa beynəlxalq hüququn aktuallığnı itirməsinə? XİN rəhbəri Mirzoyan dünən Braziliyanın səfirini tutub ona da Azərbaycandan şikayət edib. Gülməlidir”.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Bakıvaxtı.az-a bildirib ki, Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan prezidentinin Almaniya Prezidenti və kansleri ilə görüşləri, aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir.

“Bu görüşlərdə və görüşlərdən sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Hər bir Avropa dövləti kimi Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional əhəmiyyətli layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir. Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə adekvat münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi də diqqətəlayiq haldır və bu dəstək bir daha kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda öz əksini tapdı.

Səfər çərçivəsində prezident İlham Əliyevin 30-a yaxın biznes təmsilçiləri ilə görüşləri baş tutdu. Bu görüşdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verildi. Bu görüşlərdə və mətbuat konfransında ölkə başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpa olunan enerji ixracatı sahəsində strateji tərəfdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə ətraflı məlumat verdi. Səfər çərçivəsində keçirilmiş görüşlərin Almaniya ilə Azərbaycan arasındakı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir. Əminəm ki, qarşıdakı illərdə biz bunun faydalı nəticələrini görəcəyik”, - deputat C.Feyziyev bildirib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bakıvaxtı.az-a bildirib ki, səfər gözləntilərdən də uğurlu alındı.

“Bunun üçün həm İlham Əliyevin, həm də Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransına nəzər salmaq  kifayət edər. Orada çox açıq suallara qarşı faktlar təqdim olundu. Bir daha Almaniyanın da həm Qarabağla bağlı, həm də regiondakı iqtisadi əlaqələrlə bağlı mövqeyi bəlli oldu. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır.  Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan Almaniya Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Almaniya Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir.

Azərbaycan Almaniya ilə Avropa İttifaqı tərkibində əməkdaşlıq edib. Bu görüşdə isə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi xüsusi vurğulandı. Cənab Olaf Şoltsun da qeyd etdiyi kimi Ermənistan-Azərbaycan münasibətlərinə Almaniya rəsmi mövqeyi ölkə başçısı İlham Əliyevin mövqeyiylə üst-üstə düşür. Yəni Almaniya da bir çox ölkə kimi Azərbaycanı dəstəkləyir. Təbii ki bu dəstək haqlı olmağımızdan irəli gəlir. Müzakirə olunan bütün məsələlər qlobal səviyyədə olduqca zəruri məsələlərdir. Hazırda Azərbaycan bərpaolunan enerji sahəsində çox yüksək tərəfdaşlıqlar qazanır. Düşünürəm ki, Almaniya da bu tərəfdaşlar sırasındadır. Həmçinin, cənab Prezidentin iş adamlarıyla da səmərəli görüşü keçib. Ümid edirəm ki, Almaniya biznes mühiti Azərbaycanda axtardıqları investisiya mühitini tapacaqlar. Bu məqsədlə ölkə başçısı iş adamlarını ölkəmizə səfərə dəvət edib”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir: “Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir”. 

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

18 Aprel 2024