İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Misirdə keçirilən sammitdə İrana qarşı səsləndirdiyi bəyanatları əsassız, məsuliyyətsiz və biabırçı adlandırıb.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran XİN açıqlama yayıb.
Nazirlik ABŞ-ni dünyanın ən böyük terror generatoru adlandırıb.
"ABŞ-nin uzun tarixə malik terrorizm, müdaxilə və İsrailin fələstinlilərə qarşı cinayətlərinə ortaq olmasını nəzərə alaraq, başqalarını günahlandırmağa mənəvi haqqı yoxdur. ABŞ prezidentinin israrlı sülh və dialoq səyləri Vaşinqtonun İran xalqına qarşı düşmənçilik və cinayət əməlləri ilə tamamilə ziddiyyət təşkil edir", - açıqlamada qeyd olunub.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İranın sülhməramlı nüvə proqramı ilə bağlı təkrarlanan ittihamlarını rədd edərək bildirib ki, bu cür saxtakarlıqlar İranın suverenliyi və vətəndaşlarına qarşı Amerika və sionist rejimlərin birgə cinayətlərinə haqq qazandıra bilməz. Bu cür hərəkətlərlə öyünmək yalnız ABŞ hökumətinin günahını dərinləşdirir və onun İran xalqına qarşı düşmənçiliyinin dərinliyini ortaya qoyur.
Gülşən Şərif