Belarus Prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampı ailəsi ilə birlikdə Minskə dəvət edib və bu dəvət qəbul olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ölkə liderləri ikitərəfli gündəliyin məsələlərini, regional mövzuları və “qaynar nöqtələr”, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər. Təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Bundan əlavə, Belarus Prezidenti Donald Trampı və ailəsini Minskə dəvət edib. Mənbə qeyd edir ki, Tramp bu dəvəti qəbul edib.
***
18:35
ABŞ Prezidenti Donald Tramp ilə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, Tramp söhbətin təfərrüatlarını “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Belarusun çox hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik”, - o deyib.
Trampın sözlərinə görə, Lukaşenko ilə söhbət çox yaxşı keçib və Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri də müzakirə olunub.
“Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - o əlavə edib.