Avropa İttifaqının 2026-2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsini əsasən öz büdcəsi hesabına üzərinə götürmək qərarı Brüsselin geosiyasi iddiaları ilə real iqtisadi məhdudiyyətləri arasındakı ziddiyyəti açıq şəkildə üzə çıxarır.
Rusiya aktivlərinin birbaşa müsadirəsindən imtina edilməsi Aİ-nin hüquqi risklərdən və mümkün cavab addımlarından çəkindiyini göstərir. Bu qərar faktiki olaraq onu deməyə imkan verir ki, Brüssel Moskva ilə açıq maliyyə qarşıdurmasına getmək gücündə deyil və Avrozonanın sabitliyi məsələsində son dərəcə ehtiyatlı davranır. Nəticədə Ukraynaya dəstək “təmin olunmuş kredit” modeli ilə deyil, birbaşa Aİ vergiödəyicilərinin üzərinə yönələn borclanma mexanizmi ilə həyata keçiriləcək.
Bu yanaşma Aİ daxilində ciddi struktur problemləri də üzə çıxarır. Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avro, faktiki olaraq, İttifaqın illik büdcəsinin dörddə birinə yaxın hissəsini təşkil edir və bu yük əsas donor ölkələrin üzərinə düşür. Halbuki Almaniya daxili borc qaydaları ilə, Fransa və İtaliya isə yüksək büdcə kəsiri və dövlət borcu ilə məhdudlaşdırılıb. Bu kontekstdə Ukraynanın maliyyələşdirilməsi artıq təkcə xarici siyasət məsələsi deyil, Aİ daxilində sosial xərclər, infrastruktur layihələri və regional balanslar hesabına aparılan çətin siyasi seçimə çevrilir. Şərqi Avropa ölkələrinin potensial maliyyə itkilərinə qarşı müqaviməti isə daxili parçalanma riskini daha da artırır.
Digər tərəfdən, Rusiya faktorunun tam neytrallaşdırılmadığı aydın görünür. Avropanın Rusiyada “ilişib qalmış” yüz milyardlarla avroluq investisiyaları Moskvanın əlində ciddi rıçaq olaraq qalır. Bu balans Brüsselin sərt addımlar atmasını məhdudlaşdırır və faktiki olaraq qarşılıqlı iqtisadi girov mexanizmi yaradır. Məhz bu fonda Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə dialoqun bərpası çağırışı diqqət çəkir. Bu açıqlama Aİ-nin rəsmi ritorikasında olmasa da, pərdəarxası səviyyədə münaqişənin idarə olunan fazaya keçirilməsi və risklərin azaldılması axtarışının getdiyini göstərir.
Nəticə etibarilə, Aİ-nin Ukrayna ilə bağlı strategiyası ideoloji qətiyyətdən çox, maliyyə reallıqları və institusional qorxularla formalaşır. Rusiya aktivlərinin müsadirəsindən imtina edilməsi Moskvanın tam məğlub edilmədiyini, əksinə, Avropa üçün hələ də ciddi iqtisadi və siyasi çəkindirmə faktoru olaraq qaldığını göstərir. Ukraynaya ayrılan vəsaitlər isə Brüsselin strateji liderliyindən daha çox, böhranların “bahalı şəkildə idarə edilməsi” modelinə üstünlük verdiyini ortaya qoyur. Bu isə orta və uzunmüddətli perspektivdə Aİ daxilində həm maliyyə, həm də siyasi legitimlik mübahisələrini daha da dərinləşdirəcək.
Alim Nəsirov
Bakı 




