• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Universitetlərdə əxlaq kodeksi ciddi şəkildə pozulur”  - Ekspert  

CƏMİYYƏT

04 May 2022 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

“Universitetlərdə əxlaq kodeksi ciddi şəkildə pozulur” - Ekspert

Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov universitetdə dərs dediyi qızlara qiymət yazmaq üçün utancverici təkliflər edib. Araşdırılsa, başqa ali təhsil müəssisələrində oxuyan tələbə qızlardan da belə halla qarşılaşdıqları üzə çıxar. Bəs belə halların qarşısını necə almaq olar?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, hazırda Azərbaycanın ali təhsil keyfiyyəti və məzmunu hər kəsi çox ciddi narahat edir: “Xüsusən, son dövrlər ali təhsil müəssisələrində əxlaq kodeksinin ciddi şəkildə pozulduğunu müşahidə edirik. Bu, ondan irəli gəlir ki, ali təhsil müəssisələrində nəzarət mexanizmi çox aşağıdadır”.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində, təbii ki, idarəetmə ilə bağlı qüsurlar və cəzasızlıq sistemi bunu ortaya qoyur: “Çünki bəzi hallarda müəllimlər özlərinin qulluq mövqelərindən istifadə edərək tələbələrə qarşı xoşagəlməz hallara yol verirlər. Bunlardan biri də Lənkəran Dövlət Universitetində baş verən hadisədir”.

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılmalıdır: “Xüsusən, ali təhsil müəssisələrində çalışan müəllim və rəhbər heyətinin mütləq şəkildə attestasiyadan keçirilməsinə ehtiyac var. Düşünürəm ki, onların bu tip hallara yol verməməsi üçün imtahanların keçirilməsi və qiymətləndirməsi ali təhsil müəssisələrindən alınıb fərqli bir sistemə verilməlidir. Yəni, yoxlama mexanizmi hər hansı kənar qurum tərəfindən həyata keçirilməlidir ki, müəllimlər, kafedra müdirləri, dekanlar və rektorlar bundan istifadə etməsinlər”.

K.Əsədov deyir ki, bir sıra ali təhsil müəssisələrində, xüsusən özəl və bölgələrdə yerləşən universitetlərdə tələbələri əsassız olaraq kəsirlər, qiymətlərini aşağı salırlar. Bundan sonra, təbii ki, xoşagəlməz hallar baş verir: “Düşünürəm, bu hala yol verən təhsil müəssisələri mütləq şəkildə ciddi cəzalandırılmalıdır. Təkcə müəllim yox, onun rəhbərliyi də cəzalandırılmalıdır. Ümumiyyətlə, nəzarət mexanizmi çox aşağı səviyyədədir. Fikrimcə, bu, Azərbaycan təhsili üçün xoşəgəlməz haldır və aradan qaldırılmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026