Mart başlayar-başlamaz övladı məktəbli olan valideynlərin qayğısının biri də artır: xanım müəllimlərə 8 Mart hədiyyəsi almaq və ya pul yığmaq. Adətən pul qığan və ya digər valideynləri hədiyyə almağa sövq edən də elə valideynlərin özləri olurlar. Belə ki, heç bir valideyn qınaq obyekti olmamaqdan ötrü müəllimlər üçün pul yığma kampaniyasına qatılırlar.
Təhsil eksperti Qoşqar Məhərrəmovda Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 8 Martla əlaqədar pul yığılması məsələsi bir adamın günahı deyil: “Çünki heç kimdən məcburi pul yığma ehtimalı ola bilməz. Bəzən müəllim gizli şəkildə valideynə ötürür ki, mənə gül, hədiyyə almayın, birbaşa pul yığıb verin. Bəzən də valideynlərdən biri çoxbilmişlik edərək belə bir təşəbbüslə ortaya çıxır ki, gülü- filan nə edirik, gəlin, pul yığaq verək. Digər valideynlər də bu yanlış sistemə qoşulur. Müəllimi də, digər valideyni də pis öyrədirlər. Bəlkə də, həmin valideyn yığılan puldan özünə də götürür”.
Ekspertin sözlərinə görə, insanlar ayıq-sayıq olmalı, öz hüquq və vəzifələrinin, nəyin yanlış, nəyin doğru olduğunun fərqində olmalıdır: “Nəticədə, bütün bu təşəbbüslərə qətiyyətlə yox desə, heç kim ona nəsə deyə bilməyəcək. Ona ancaq müəyyən qədər ağız büzülə, valideynlər arasında qınaq ola bilər. Ancaq şüurlu valideynlər qətiyyən bu addımları atmır, kimsə nəsə istəyəndə vermir, onu heç kim də məcbur edə bilmir”.
Q.Məhərrəmov qeyd edib ki, əgər bir davranışa ictimai reakisiya olmasa, qarşısını almaq çətindir: “Ona görə də, ictimai maariflənməyə ehtiyac var. Yalnız xalq buna qarşı çıxdıqda, fərqindəlik, maarifləndirmə artdıqda bu problem aradan qalxa bilər”.
Aytac Aslan
















