Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri çərçivəsində ilk dəfə elan olunmuş “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
“Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin təşkilində əsas məqsəd ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını stimullaşdırmaq olub.
Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yazarlar, eləcə də fərqli sahələrdə çalışan, sözə və ədəbiyyata xüsusi bağlılıq göstərən peşə sahibləri qatılıblar. Onlar təqdim etdikləri esselərdə Şuşanın xalqımızın tarixi yaddaşındakı mövqeyini, ədəbi-mədəni kimliyimizin formalaşmasında oynadığı rolu, eləcə də Zəfər tariximizdəki simvolik əhəmiyyətini özünəməxsus şəkildə ifadə ediblər. Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub.
Obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımıdan dəyərləndirilib.
Komissiya üzvləri tərəfindən mətnlərə müəyyən edilmiş cədvələ müvafiq olaraq qiymət verilib. Komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı esselər müsabiqənin qalibləri elan edilib:
• I yer – “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva
• II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova
• III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd
Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin qalibləri diplomla təltif olunacaq, eyni zamanda I yerin sahibi 2500 manat, II yerin sahibi 1500 manat, III yerin sahibi isə 1000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq.
Mükafatlandırma mərasimi 17 iyul 2025-ci il tarixində Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində təşkil olunacaq.
Müsabiqədə iştirak edən bütün qələm sahiblərinə təşəkkür edir və onlara gələcək ədəbi fəaliyyətlərində uğurlar arzulayırıq.