Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı canlı efirdə təhdid edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə "Səni axtarıram" verilişində yaşanıb. Belə ki, proqrama qatılan iştirakçılardan biri Xoşqədəm Hidayətqızını nazirliyə şikayət edəcəyini deyib.
Janna adlı Rusiya vətəndaşının Valeh adlı Azərbaycan vətəndaşı ilə evliliyindən Osman adlı oğlu dünyaya gəlib. Lakin Osman Azərbaycana gələndən bəri, anası ondan xəbər ala bilməyib.
Ata isə oğlunu zərərli vərdiş istifadə etdiyi üçün reabilitasiya mərkəzinə yerləşdirib. Lakin Osmanın yerini anasına bildirmir.
Xoşqədəm Hidayətqızı Valehdən oğlunun yerini soruşanda nazirliyə şikayət edəcəyinə dair hədələyici ifadələr işlədib. Aparıcı buna səssiz qalmayaraq işini etdiyini və kimliyindən asılı olmayaraq hər kəsə qarşı eyni davranışı sərgiləyəcəyini deyib.
"Məni təhdid edirsiniz siz? Burada gəlib oğlunu axtaran bir ana oturub. Ondan xəbərsizdir. Bu ananın yerində siz də olsanız, mən eyni cür edərdim. Sizə sual verirəm: Osman hansı reabilitasiya mərkəzindədir? Sizə lazımdır Janna oğlunun yerini öyrənmək üçün, gedə Daxili İşlər Nazirliyinə, hüquq mühafizə orqanlarına. Sonra da məsələyə səfirlik qarışacaq. Sizin üçün yaxşı olacaqmı?",-deyə Xoşqədəm Hidayətqızı qeyd edib.
Xəyalə Rza
















