ABŞ-İsrail-İran qarşıdurmasından sonra əldə olunan atəşkəs regionda müxtəlif şərhlərə səbəb olub. Xüsusilə bəzi erməni ekspert çevrələrində bu vəziyyət İranın “qalib çıxması” kimi təqdim edilir və buradan Cənubi Qafqaz üçün uzaqgedən nəticələr çıxarılır. Lakin bu yanaşma daha çox siyasi arzu və psixoloji təsəlli xarakteri daşıyır, real güc balansını isə tam əks etdirmir. Atəşkəs faktının özü hələ qələbə demək deyil; əsas məsələ müharibədən sonra hansı tərəfin imkanlarının genişləndiyi, hansının isə məhdudlaşdığıdır.
Hərbi və strateji baxımdan İranın vəziyyətinə baxdıqda, onun “qalib” kimi təqdim olunması ciddi suallar doğurur. Doğrudur, rejim dəyişmədi və dövlət strukturu qorundu, bu isə Tehrana daxili legitimlik baxımından müəyyən üstünlük verir. Amma eyni zamanda İranın hərbi infrastrukturu, regional təsir şəbəkələri və strateji obyektləri ciddi zərbələr aldı. Bu, İranın əvvəlki kimi sərt və ekspansionist siyasət aparmaq imkanlarını məhdudlaşdırır. Yəni İran müharibədən “dağılmadan çıxıb”, amma bu, onun güclənməsi demək deyil. Daha çox zəiflədilmiş, ehtiyatlı davranmağa məcbur qalan aktor obrazı formalaşıb.
Cənubi Qafqaz kontekstində isə vəziyyət daha da aydındır. İranın regionda nüfuzunun artacağı ilə bağlı iddialar əsasən fərziyyəyə əsaslanır. Əksinə, son hadisələr göstərdi ki, region artıq təkcə İran və ya Rusiya kimi ənənəvi güclərin təsir dairəsi ilə məhdudlaşmır. Azərbaycan, Türkiyə və Pakistan kimi aktorların formalaşdırdığı yeni təhlükəsizlik və əməkdaşlıq xətti regionda alternativ balans yaradıb. Bu şəraitdə İranın əvvəlki kimi təzyiq aləti kimi çıxış etməsi daha çətin görünür. Xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində çoxşaxəli əməkdaşlıq modelləri İranın manevr imkanlarını məhdudlaşdırır.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, İranın Cənubi Qafqaz siyasəti son illərdə ardıcıl və etibarlı tərəfdaş obrazı yaratmayıb. Azərbaycanla münasibətlərdə rəsmi səviyyədə dostluq ritorikası qorunsa da, praktik addımlarda tez-tez ziddiyyətli yanaşmalar müşahidə olunub. Bu isə region ölkələrinin təhlükəsizlik siyasətində daha çox balanslaşdırılmış və alternativ tərəfdaşlıqlara üstünlük verməsinə gətirib çıxarır. Dövlətlər yalnız bəyanatlara yox, real davranışlara əsaslanaraq qərar verir və bu baxımdan İranın son dövrdəki addımları ona əlavə strateji üstünlük qazandırmır.
Zəngəzur dəhlizi və Orta Dəhliz məsələsi də bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. İran bu layihələrə əvvəl də skeptik yanaşırdı və müharibədən sonra da mövqeyində ciddi dəyişiklik görünmür. Lakin bu layihələr artıq yalnız regional təşəbbüs deyil, daha geniş geoiqtisadi çərçivənin bir hissəsidir və burada Çin kimi qlobal aktorların maraqları mövcuddur. Bu səbəbdən İranın bu prosesləri təkbaşına bloklama imkanları məhduddur. Əksinə, belə cəhdlər onun özünü regional əməkdaşlıqdan kənarda qoymaq riski yaradır.
Nəticə etibarilə, atəşkəsdən sonra formalaşan mənzərəni “İranın qələbəsi” kimi təqdim etmək düzgün deyil. Daha realist qiymətləndirmə ondan ibarətdir ki, İran müharibədən çıxmağı bacarsa da, əvvəlki güc və təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib və yeni reallıqlara uyğunlaşmaq məcburiyyətindədir. Cənubi Qafqazda isə balans bir aktorun xeyrinə dəyişməkdən çox, çoxmərkəzli və rəqabətli mühitə doğru inkişaf edir. Bu şəraitdə əsas üstünlük sabit və etibarlı tərəfdaşlıq qura bilən dövlətlərin tərəfində olacaq, emosional və ideoloji yanaşmalar isə getdikcə daha az rol oynayacaq.
Alim Nəsirov
Bakı 












