“Gələcəyə əmin addımlarla həm özümüzü, həm də gəncliyimizi inkişaf etdirəcəyik”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində keçirilən mərasimdən sonra media nümayəndələrinə verdiyi açıqlama zamanı deyib.
Prezident Ersin Tatar çıxışında Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu xüsusi vurğulayıb. O bildirib ki, bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır:
“Prezident İlham Əliyevin liderliyi sayəsində Türkiyə-Azərbaycan əlaqələri regionda sabitlik və əməkdaşlıq nümunəsi kimi qəbul edilir. Biz də bu birliyin davamlı olması və daha da dərinləşməsi üçün əlimizdən gələni edirik".
Ersin Tatar gənc nəslin maarifləndirilməsi və onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinin vacibliyini qeyd edərək deyib:
“Gələcəyə əmin addımlarla həm özümüzü, həm də gəncliyimizi inkişaf etdirəcəyik. Gənclər bizim gələcəyimizdir. Onların savadlı, vətənpərvər və müasir düşüncəli olmaları üçün təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar genişlənməlidir".
O, Azərbaycan Texniki Universitetində ona göstərilən yüksək qonaqpərvərliyə və fəxri doktor adına layiq görülməsinə görə minnətdarlığını da ifadə edib.
Əli Hüseynov