• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

“Üç dəniz”dən balaca göl qırağına... - Əkbər Qoşalı yazır
YAZARLAR
27 Sentyabr 2023 | 13:25

“Üç dəniz”dən balaca göl qırağına... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

27 sentyabr – üç il öncəyədək adi bir təqvim günüydü...

Üç il öncə Ali Baş Komandanın verdiyi tarixi qərarla bütün cəbhə boyu başlayan əks-hücum yalnız Qarabağda deyil, ümumən bizim aid olduğumuz bölgədə bir səhifəni qapatdı, yeni səhifə açdı! Özü də çox möhtəşəm səhifə!

44 gün davam edən müharibə Zəfərlə sonuclandı. O Zəfər orda, o gündə qalmadı, dalğa-dalğa yayıldı, yeni qələbələrə vəsilə oldu, yeni bayraq sancmalarına səhnə oldu. Biz bayrağımızı haqq etdiyi bütün zirvələrə sancmağa qadirik. Zəfərin doğurduğu normallaşma sürəci mükəmməl saat mexanizmi kimi işləyir: 8 noyabr – Şuşa qurtuldu! 9 noyabr – daha onlarla kəndimiz azad olundu! 10 noyabr – məlum Üçtərəfli Bəyanat imzalandı, Ermənistan öz üzərində öhdəliklər götürməyə məcbur qaldı! 20 noyabr – Ağdam, 25 noyabr – Kəlbəcər, 1 dekabr – Laçın döyüşsüz azad olundu! Laçın şəhəri, Zabux və Sus qəsəbələrində qanunsuz məskunlaşmış ermənilərsə 26 avqust 2022-ci ildə oradan uhulət-suhulətlə çıxarıldı.

13-14 sentyabr 2022-ci ildə Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə çaşdı və Dəmir Yumruğun yerində olduğunu görüncə, ağır itkilərlə geridən geri çəkildi. Bu il aprelin 23-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduq!

Bu, ərazi bütövlüyümüzün bərpasının tamamlanması oldu! O günədək də, o gündən sonra da, ermənilər nə vaxt çaşdı, Dəmir Yumruğu nə vaxt unutdusa, yenə zəruri xatırlatmalar etdik, başa saldıq, yerlərini göstərdik. “Yerlərini” deyirik, amma göyləri, göy üzü olmayanların heç yeri də yoxdur...

Ən azından Qarabağda, hətta Qafqazlarda hayların öz yeri-yurdu yoxdur. Hərçənd, bilməz, görməz kimi davranmağı babat bacarsalar da, onların Qafqaza gəlmə olduğunu özləri də babat bilir...

Ötən üç il içində Qarabağda, gündoğar Zəngəzurda tikinti-quruculuq, təmir-bərpa, azadlıqdan abadlığa keçid elə sürət və keyfiyyətlə getdi, dünya erməniliyi, erməni havadarları bir bu qədərini qətiyyən gözləmirdi! İşğalçılara, dünya erməniliyinə, onların havadarlarına tarixi dərs verən Azərbaycan dövləti, keçmiş məcburi köçkünlərin qayıdışı üçün inanılmaz layihələr gerçəkləşdirməyi bacardı, Zəngilanda, Füzulidə, Laçında... ilk dərs zəngləri çalındı! Respublikanın hər yerində olduğu kimi, işğaldan azad edilmiş yurdlarımızda bu gün saat 12.00-da şəhidlərimizi elliklə anmaqçün sayğı duruşu həyata keçirildi!

Bəli, üç ildir 27 sentyabr Azərbaycanda Anım Günüdür. Şəhidlərimiz ölməzdir, əlbəttə; əlbəttə, Vətən bölünməz!

Builki 27 sentyabra bir başqa ovqatda, bir başqa mədəni-siyasi iqlimdə gəlmişik! 19 sentyabr 2023-cü ildə zəruri, təxirəsalınmaz antiterror tədbirlərinə başlamağımız ən yeni tariximizə yeni altun səhifə yazmaqla sonuclandı. Artıq suverenliyimiz təmin olunub (işin, necə deyərlər, texniki tərəfləri qalıb, onlar da sürətlə həll olunur). Bütün dönəmlərdəki şəhidlərimizi dərin sayğılarla andığımız bu günə Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə Azərbaycan əsgərinin uğurlarını əks etdirən qürurlu paylaşımlarla gəlmişik! Azərbaycan Prezidentinin 20 sentyabrda xalqa müraciətində vurğuladığı kimi: “antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Şəhidlərimizin qanı yerdə qalmadı, qalmır, qalmayacaqdır! Azərbaycan Ermənistandan fərqli olaraq, əsl dövlətdir, tarixi gələnəyi var, dövlətçilik irsi var, öz torpaqları üzərində qurulub, özünə, daxili imkanlarına güvənir, nə sağa-nə sola deyil, öz dünyasına baxır, öz gələcəyini qurur. Diqqət edin: Qafqazın üç respublikasından Ermənistan daha dünənədək Rusiyanın forpostuydu, Gürcüstan Saakaşvili dönəmində Batı yönündə irəliləmişdi, Azərbaycan isə məhz öz yolunda, öz duruşundaydı. Aylar-illər keçib, Ermənistan Batı yoluna çıxmaq, Rusiyadan qopmaqçün vurnuxur, Gürcüstan hökuməti Rusiyayönümlü davranışlar içindədir, Azərbaycansa yenə öz doğru yolunda yürüməkdədir! Məhz öz yolunda olmağın nəticəsidir ki, biz Qafqazın ən şanslı, ən güclü, ən zəngin ölkəsi olaraq, ən üstün mövqedə, ən perspektivli durumdayıq. Gürcüstan ərazi bütövlüyünü, suverenliyini bərpa edə bilməyib; Ermənistansa, başından böyük işlərə qalxışmağının çox ağır bədəllərini ödəməkdədir. Ermənistan nəinki şərti ərazi bütövlüyünü qorumağa qadirdir, hətta (pis-yaxşı) 105 illik dövlətçiliyini itirməkdən çətin qurtula... Özünüz təsəvvür edin: Azərbaycanın 9 şəhər, 300 kəndini viran qoymuş, 30 ilə yaxın işğal meyvələri dərmiş cırtdan Ermənistan bizə vurduğu milyardlarla maddi ziyanı nəyin hesabına, necə ödəyəcək? Büdcəsimi buna yol verir, “Hayastan Fondu”mu? Ermənistan dövləti Azərbaycandan rəsmən üzr istəmədən, Xocalı Soyqırımını tanıma­dan, qondarma “erməni qoyqırımı” abidəsini, terrorçulara qoyulmuş “abi­də”ləri sökmədən necə güvən qazanar, normallaşma necə mümkün ola bilər? Güvən qazanmadan, normallaşma sürəci başlamadan Ermənistan Azərbaycanla, Türkiyə ilə adambalası kimi gediş-gəliş, ticari bağlar qura bilərmi? Ermənistan nə savaşacaq, nə təzminat ödəyəcək gücdə, mədəni-mənəvi iqlimdə deyilsə, o zaman bircə yol var – o yolu Müzəffər Ali Baş Komandan hələ 3 il bundan öncə çox dəqiq cızıb: “İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”.

Öncə Qara dənizdən Xəzər dənizinə, sonra Ağ dənizədək uzanan “Böyük Ermənistan” quracaqlarına inanan tayfaqırığı, tarixin gedişində əldə etdiyindən (haqq etmədiyindən!) havalara girmişdi... Budur, “Üç dəniz” xülyasından balaca göl qırağına – Göyçə qırağındakı 9 min kvdrat km əraziyə çəkilmə yolundadırlar... Ancaq heç bu yol da son yol deyil axı... Göyçənin gölü də, torpağı da, göy üzü də, Yer haqqı, Göy haqqı bizimdir – göycə bizimdir, Göyçə bizimdir!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR