Türliyədə valideynlərini tapança ilə öldürən şəxs intihara cəhd edib.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə İzmirdə qeydə alınıb. Belə ki, İzmir Torbalıda valideynləri ilə mübahisə edən 25 yaşlı Kamil Yılmaz əvvəlcə onları silahla qətlə yetirib, sonra isə özünü öldürmək istəyib.
Hadisə axşam saatlarında Tepeköy məhəlləsi 4508 küçəsində yerləşən evdə baş verib. İddiaya görə, narkotik aludəçisi olduğu deyilən 25 yaşlı Kamil Yılmaz anası Sevilay Yılmaz və atası Hikmət Yılmaz ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb. Bu zaman Kamil Yılmaz yanında olan silahla valideynlərini güllələyib. Daha sonra o, silahı özünə tuşlayıb. Hadisə baş verən zaman evdə olan Yılmaz cütlüyünün 13 yaşlı qızı A.D.Y. Təcili Zəng Mərkəzinə xəbər verib. Hadisə yerinə gələn təcili yardım və polis qrupları Sevilay və Hikmət Yılmazın həyatını itirdiyini müəyyən ediblər. Kamil Yılmaz isə təcili yardıma çatdırılaraq Torbalı Dövlət Xəstəxanasına aparılıb.
Yılmaz cütlüyünün cansız cəsədləri prokurorun müayinəsindən sonra İzmir Ədli Tibb Qurumunun meyitxanasına aparılıb. Hadisədən sonra cütlüyün qızı A.D.Y. dayısına təhvil verilib.
Faktla bağlı istintaq davam edir.
Murad Məmmədli

















