Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “Hökumət buludu”na (G-Cloud) miqrasiya edib.
Bakıvaxtı.az xəbər verir ki, bu addım Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı – “Hökumət buludu”nun yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında sənədin icrası çərçivəsində həyata keçirilib.
AYNA sistemləri AZCON Holding-ə daxil olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə köçürülüb. Miqrasiya nəticəsində agentlik kritik informasiya sistemlərinin yüksək əlçatanlığını təmin edib.
“AzInTelecom” tərəfindən AYNA-ya Virtual server – IaaS, Rezervlənmə – BaaS kimi “bulud” xidmətləri göstərilir. Bununla yanaşı, agentlik SPLA lisenziyalı “Microsoft” məhsulları və SİP telefoniya xidməti ilə təmin olunub.
“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı və Yevlax Data Mərkəzlərinə mərhələli şəkildə miqrasiyası davam edir. Bu proses qurumların İT xərclərini azaldır, məhsuldarlığı yüksəldir, informasiya təhlükəsizliyini və 24/7 monitorinq imkanlarını gücləndirir.
Qeyd edək ki, “AzInTelecom” MMC Cənubi Qafqazda “TIER III” sertifikatına sahib olan ilk qurumdur.
Bakı 



