Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında aparılan danışıqlar ölkənin regional və beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Enerji resurslarının ixracı, ticarət əlaqələrinin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları bu dialoqu strateji səviyyəyə qaldırır.
Bakı üçün əsas sual ondan ibarətdir ki, Aİ ilə münasibətləri formalaşdırarkən hansı prioritetlər daha çox diqqət mərkəzində olmalıdır: iqtisadi və enerji sahəsindəki əməkdaşlıq, yoxsa təhlükəsizlik və geosiyasi stabilik?
Bu istiqamətdə Azərbaycanın strategiyasını müəyyənləşdirmək yalnız Qərblə münasibətlərin keyfiyyətini deyil, həm də regiondakı rolunu və tərəfdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə təsir edə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Avropa İttifaqı dünyada aparıcı güc mərkəzlərindən biridir:
"Amma ABŞ və NATO kimi hərbi və təhlükəsizlik imkanları baxımından daha az fəaldır, əsas gücü iqtisadi sahədədir. Ona görə də mən düşünürəm ki, ABŞ ilə münasibətlərdə əsas diqqət iqtisadi maraqlara yönəldilməlidir".
Onun sözlərinə görə, təhlükəsizlik məsələlərini də gözardı etmək olmaz. Sabitləşdirici münasibətlərdə bu, vacib bir məqamdır və bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilməlidir:
"Lakin əsas ağırlıq iqtisadi sahədə olmalıdır, xüsusən Cənub qaz dəhlizi, "Yaşıl enerji" və Xəzər-Qara dəniz layihələri kimi strateji məsələlərdə. Bu sahələr həm ABŞ üçün, həm də Azərbaycan üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir".

Mübariz Göyüşlü: Azərbaycan Avropa İttifaqı ilə təhlükəsizlik dialoqunu da inkişaf etdirə bilər
Həmsöhbətimiz qeyd edib ki, Bakıda münasibətlərdə əsas tərəfdaşlardan biri olaraq bu məsələlərə aktiv yanaşmaq və əməkdaşlığı gücləndirmək vacibdir:
"Eyni zamanda, ticarət, investisiya və texnologiya sahələrində Avropa İttifaqı ilə əməkdaşlıq davam etdirilə bilər. Regional sabitlik və təhlükəsizlik məsələləri də həm Avropa İttifaqı, həm də Azərbaycan üçün önəmlidir və bu sahələrdə də əməkdaşlıq mümkündür".
Mübariz Göyüşlü onu da vurğulayıb ki, bununla yanaşı, Rusiya və İranın bölgədə təsirini nəzərə alaraq diplomatik dəstək və balanslaşdırılmış yanaşma faydalı olar:
"Azərbaycan Avropa İttifaqı ilə təhlükəsizlik dialoqunu da inkişaf etdirə bilər. Yenə də əsas prioritet iqtisadi və enerji əməkdaşlığı üzərində olmalıdır".
Əli Hüseynov
Bakı 




