• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Bakıda Qlobal Gənclər Sammiti keçirilib - FOTOLAR

CƏMİYYƏT

16 Noyabr 2025 | 19:18

Bakıda Qlobal Gənclər Sammiti keçirilib - FOTOLAR

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration 2025) keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etmək olub.

Sammitin açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış ediblər. Çıxışlarda gənclərin İKT sahəsində fəal iştirakının, eləcə də kosmik sənayenin, texnologiyanın qlobal inkişaf məqsədlərinin inkişafında rolunun vacibliyi vurğulanıb.

Açılış mərasimindən sonra “Nəsillərarası dialoq” sessiyası keçirilib. Burada BTİ-nin altı regional nümayəndəliyindən və Azərbaycandan olan gənclər fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Milli Aviasiya Akademiyasında, STEAM İnnovasiya Mərkəzində və “Azərkosmos”un KOSMİK Akademiyasında interaktiv sessiyalar, seminarlar və dialoqlar təşkil olunub.

Milli Aviasiya Akademiyasında gənc peşəkarlar üçün İKT vasitəsilə bərabər imkanların yaradılmasına həsr olunmuş interaktiv sessiya keçirilib. Simulyatorlara, aerokosmik laboratoriyalara və aviasiya texnologiyaları mərkəzinə texniki ekskursiya təşkil edilib.

STEAM İnnovasiya Mərkəzində astronavtlarla – Alper Gezeravcı (Türkiyənin ilk astronavtı), Tuva Cihangir Atasever (Türkiyənin ikinci astronavtı), Dumitru-Dorin Prunariu (Rumıniyanın ilk astronavtı) interaktiv panel keçirilib. Panel müzakirəsi kosmik tədqiqatlarda telekommunikasiyanın roluna həsr olunub və imza sessiyası ilə başa çatıb.

“Azərkosmos”un KOSMİK Akademiyasında ali məktəb tələbələri üçün “Beynəlxalq Kosmik Stansiya ilə telekommunikasiyanın qurulması” seminarı keçirilib. Seminarda tələbələr öz orbital antenlərini yığaraq Beynəlxalq Kosmik Stansiya ilə canlı rabitə qurmağı öyrəniblər.

Tədbir mədəni və nəsillərarası şəbəkələşmə görüşü ilə yekunlaşıb. Bu görüş “WTDC-25” iştirakçılarını, gənc peşəkarları və ictimaiyyətin tanınmış simalarını bir araya gətirərək əməkdaşlıq və dialoqun inkişafına şərait yaradıb.


SON XƏBƏRLƏR

15 Noyabr 2025