Bakıda avtomobil sayının sürətli artımı yollarda yüklənməni pik həddə çatdırıb. Bu isə həm nəqliyyatın hərəkət intensivliyini azaldır, həm də piyadaların hərəkət təhlükəsizliyinə mənfi təsir göstərir.
Mövcud yol infrastrukturu artan avtomobil axınını tam şəkildə qarşılaya bilmədiyi üçün gündəlik tıxaclar artıq adi hala çevrilib. İctimai nəqliyyatın yetərincə inkişaf etməməsi, alternativ nəqliyyat imkanlarının məhdud qalması isə vəziyyəti daha da ağırlaşdırır və fərdi avtomobillərdən asılılığı artırır. Bu amillər ümumilikdə şəhərdaxili hərəkətin səmərəliliyini azaldır və nəqliyyat problemini daha qabarıq şəkildə ortaya çıxarır.
Tıxac problemini azaltmaq üçün ən real və sürətli tətbiq oluna biləcək addım nə ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Bakı şəhərində avtomobillərin sayının sürətlə artması dinamik inkişafın və şəhərin dinamik xüsusiyyətlərinin göstəricisidir:
“Bu isə özündə subyektiv deyil, sistemli və perspektivli həlləri ehtiva edən bir yanaşma tələb edir. Ən mühüm və dünya miqyasında əhəmiyyətli məqam ondan ibarətdir ki, bu cür həllər nəqliyyat axınlarının təmin olunmasında mövcud problemləri real şəkildə əks etdirə və aradan qaldıra bilsin. Nəqliyyat vasitələrinin sayının artması balanslı və bərabərtərəfli yanaşma ilə tənzimlənməlidir. Bu baxımdan avtomobil yollarının, tunellərin, körpülərin və estakadaların sayının artırılması, hərəkətburaxma qabiliyyəti yüksək olan küçələrin bir-biri ilə əlaqələndirilməsi, ağıllı şəhər və smart nəqliyyat sistemlərinin tətbiqi, eləcə də bütün bu proseslərin vahid koordinasiya mexanizmi ilə idarə olunması zəruridir. Əgər hər hansı ərazidə nəqliyyat vasitəsi hərəkət edirsə, avtomobil varsa, mütləq şəkildə onun üçün uyğun yol infrastrukturu da olmalıdır. “Avtomobil var, yol yoxdur” yanaşması tıxaclara və nəqliyyatın iflicinə gətirib çıxarır”.

Aslan Əsədov: İctimai nəqliyyat tam şəkildə birləşik və koordinasiyalı formada fəaliyyət göstərməlidir
Müsahibimiz qeyd edib ki, nəqliyyat vasitələrinin bir-biri ilə koordinasiyalı idarə olunması dedikdə, eyni zamanda nəqliyyat obyektlərinin və platformalarının da qarşılıqlı əlaqəsinin təmin edilməsi nəzərdə tutulur.
A.Əsədov vurğulayıb ki, metro ilə avtobus və marşrut xətləri bir-biri ilə inteqrasiya olunmalı, eyni zamanda geniş tramvay və trolleybus şəbəkəsinin qurulması, metro sisteminin inkişaf etdirilməsi vacibdir. Bütün bu nəqliyyat növləri tam şəkildə birləşik və koordinasiyalı formada fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, məhz buna görə də bu kimi məsələlərin həllinə bu gün ciddi ehtiyac var:
“Nəqliyyat vasitələrinin axınının düzgün təmin olunması, onların koordinasiyalı şəkildə əsas nöqtələrdə cəmləşdirilməsi vacib şərtdir. Əks halda, mövcud tıxacların və gündəlik nəqliyyat problemlərinin qarşısının alınması üçün zəruri olan infrastrukturun tam şəkildə formalaşdığını görə bilməyəcəyik. Bu səbəbdən də bu məsələlər əsas layihələr sırasına daxil edilməlidir”.
Aynur Babazadə
Bakı 




