ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin narkotik təsiri altlnda silah almaq ittihamı ilə məhkəməsi davam edib.
Bakıvaxtı.az xarici mətbuata istinadls xəbər verir ki, işin 4-cü günündə şahidlər ifadə verməyə davam ediblər.
Hunter Baydenin beyin xərçəngindən dünyasını dəyişən qardaşı Beau Baydenin həyat yoldaşı olan və ərinin ölümündən sonra Hunter Baydenlə münasibət quran Hallie Biden onun istifadə etdiyi dərmanları ilk dəfə 2015-2016-cı illərdə tapdığını bildirib.
2017-2018-ci illər arasında Hunter Baydenlə narkotik istifadəsi ilə bağlı söhbətlər etdiyini və ona "Bu belə davam edə bilməz " dediyini bildirən Hallie Biden, Hunterin ona "Məni rahat burax, mən yaxşıyam" cavabı verdiyini xatırladıb.
23 oktyabr 2018-ci ildə Hunter Bayden yatarkən onun avtomobilini təmizləməyə getdiyini və narkotiklə birlikdə silah tapdığını ifadə edən Hallie Biden həmin gün ilk dəfə silahı bu qədər yaxından gördüyünü bildirib:
"Mən panikaya düşdüm və silahdan qurtulmaq istədim. Hunterin nə özünə, nə də uşaqlarına zərər verməsini istəmədim. Silahı bazara apardım və oradakı zibil qutusuna atdım".
Hunter Baydenin silahı atdığına görə ona qəzəbləndiyini bildirən Hallie Biden, 6 -22 oktyabr 2018-ci il tarixləri arasında onun narkotikdən istifadə etdiyinin şəxsən şahidi olmadığını əlavə edib.
Qardaşı Beau Baydenin 2015-ci ildə beyin xərçəngi səbəbiylə ölümündən sonra narkotikə və spirtli içkilərə qurşandığı deyilən Hunter Bayden 2018-ci ildə narkotik təsiri altında Delaver ştatında odlu silah almaqda günahlandırılır.
Hunter Baydenə qarşı ittihamlara federal lisenziyalı silah satıcısına yalan danışmaq, silah alarkən yalan ifadələr vermək və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaq daxildir. Bildirilir ki, Hunter Bayden 25 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
Murad Məmmədli
















