BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qlobal iqtisadiyyat və beynəlxalq siyasət arenasında böyük təsir gücünə malik bir qrup olaraq formalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, 2000-ci illərin əvvəllərində əsası qoyulan bu təşkilat hər biri öz regionunda lider statusuna sahib olan ölkələrdən ibarətdir. BRİKS ölkələrinin qlobal iqtisadiyyatın əsas aktorlarına çevrilməsi, onların dünya siyasətindəki rolunu da əhəmiyyətli dərəcədə artırmışdır. Bu qrup dünyada iqtisadi və siyasi balansların dəyişməsinə təsir göstərən bir qüvvə kimi çıxış edir.
Azərbaycanın BRİKS-ə üzv olması məsələsi ölkənin regional və qlobal səviyyədə daha geniş iqtisadi, siyasi və mədəni əlaqələr qurmaq istəyini əks etdirir.
BRİKS-ə üzv olmaq ölkəmizə nə vəd edir?

Şəbnəm Həsənova: Azərbaycanı BRİKS daxilində prioritet tərəfdaşlar siyahısında əsas fiqur adlandırdılar
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Şəbnəm Həsənova bildirib ki, BRİKS qlobal maliyyə sistemində Qərbin hökmranlığına meydan oxumağı hədəfləyir:
"Başlanğıcda quruma böyük, orta gəlirli, lakin ərazi baxımından sürətlə inkişaf edən iqtisadiyyatlar daxil olsa da, qrup üzvlərinin sayının artırılması ilə arealı sürətlə böyütmək yolunda qətiyyətli addımlar atılır. Hətta təsisatın qurucusu bu ölkələrin 2050-ci ilə qədər dünyanın ən böyük iqtisadiyyatları sırasına daxil olacağını proqnozlaşdırıb. Güclər balansının Qərbdən uzaqlaşdığı və inkişaf etməkdə olan ölkələrin daha çox BRİKS ölkələri kimi inkişaf etməkdə olan güclərə doğru üz tutduğuna dair fikir var”.
Onun sözlərinə görə, BRİKS-in özünün daxilində də Qərbə münasibətdə qatı mövqe yürütməyə dair fikir ayrılıqları mövcuddur:
“Məsələn, Çin çoxlu sayda yeni ölkəni qəbul etmək istəyirsə, Cənubi Afrika, Braziliya və Hindistan daha az sayda ölkəyə qoşulmağa üstünlük verməklə həm də bir növ birmənalı anti-Qərb xarici siyasəti yürüdən ölkələrin sayını məhdudlaşdırmaq istəyir. İlk iki ölkə Qərb əleyhinə əhval-ruhiyyəni öz təhlükəsizlikləri və inkişafları üçün məqbul addım kimi görmürlər. Bir sözlə, BRİKS-i açıq şəkildə anti-Qərb ittifaqına çevirmək üçün atılan addımlara müqavimət göstərməyə də çalışılır".
Müsahibimiz bildirib ki, hazırda qurumda qurulmuş strukturu təkmilləşdirmək istiqamətində işlər görülür:
"Qurulmuş strukturu təkmilləşdirmək istiqamətində işlər görülür, inkişaf etməkdə olan iqtisadiyyatlara daha çox təmsilçilik və söz verilməsini təmin etmək üçün addımlar atılır. Bununla da BRİKS nizamsız formada olan dünyanın nizamının toparlanaraq ağırlığın Qərbə doğru əyilməsinin qarşısını alır. Obrazlı şəkildə ifadə etsək, tərəziyə əlini qoyur".
Şəbnəm Həsənova Azərbaycanın quruma üzvlüyünün ölkəmizə nə kimi xeyir verəcəyi sualını isə belə cavablandırıb:
"İqtisadiyyatını liberallaşdırmağı bacaran Çin cənubun lideri olmaq, mövcud beynəlxalq nizamın yıxılmasını və ya islah edilməsini istəyir. Bu yaxınlarda Azərbaycan quruma üzv olmaq üçün rəsmi müraciət etdi. Rusiyalı ekspertlər artıq Azərbaycanı BRİKS daxilində prioritet tərəfdaşlar siyahısında əsas fiqur adlandırdılar. ŞƏT çərçivəsində Çinlə imzalanan Birgə Bəyannamə, Vladimir Putinin Azərbaycana səfəri sonrası bu hadisə Rusiya Prezidenti ilə müzakirə edilən məsələləri yavaş-yavaş deşifrə edir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan hazırda bu mötəbər təşkilat üçün Cənubi Qafqazın əsas aktorudur:
"Məsələlər Azərbaycanla həll edilir, məhz onun mövqeyi regionda qeyri-sabitliyi bərpa edir, qlobal arenada isə tənzimləyir. Azərbaycanın Rusiya və Çinlə münasibətləri bəllidir, Şimal-Cənub dəhlizinin reallaşdırılması əsas məsələdir. Burada yuxarıdan aşağıya doğru əsas aktorlar Rusiya, Azərbaycan, İrandır. Putinin Bakıya səfərindən sonra İrana səfərini istisna etmirəm, ya da dövlət başçıları səviyyəsində olmaqla əksinə səfəri yəni, Məsud Pezeşkianın Rusiyaya səfərini gözləyirəm. İstisna etməyib, eyni zamanda proqnozlaşdırdığım səfər İranın yeni rəhbərinin Azərbaycana səfəridir. Qeyd edim ki, orta Dəhliz də vacib amildir. Burda da Çin Azərbaycanı əsas fiqur kimi görür. Azərbaycanın digər bir əsas istiqaməti də Türk dünyasıdır".
Son olaraq ekspert bu təşkilata üzvlüyün ölkəmizə yeni potensiallar vəd etdiyini vurğulayıb.
"Ümumilikdə BRİKS-ə üzvlüyümüz ölkəmizin iqtisadi potensialını olduqca artıracaq. Azərbaycan yeni perspektivlər, siyasi və iqtisadi imkanlar əldə edəcək. Hər bir halda Azərbaycan iqtisadiyyatını diversifikasiya etməklə siyasi arenada da güclər balansını tənzimləyir",- Şəbnəm Həsənova fikrini yekunlaşdırıb.
Əli Hüseynov
















