“Bloomberg Milyarderlər İndeksi”nə əsasən, TikTok-un yaradıcısı və "ByteDance" şirkətinin qurucusu Çjan Yiming ilk dəfə Asiyanın ən varlı insanları siyahısında birinci olub.
Bakıvaxtı.az xəbər verir ki, Çjan Yiming Hindistanın tanınmış milyarderi Qautam Adanini geridə qoyub. Onun sərvəti bu ay 12 milyard dollar artaraq 105 milyard dolları ötüb.
"Bloomberg" 2019-cu ilin martından etibarən Çjan Yiming-in sərvətini izləyir. Bu müddət ərzində onun aktivlərinin dəyəri təxminən səkkiz dəfə artıb.
Omdia tədqiqat şirkətinin baş analitiki Lian Jie Su bildirib ki, "ByteDance" üçün video platformasının uğurundan sonra ən böyük perspektivlər süni intellekt məhsulları və xidmətləri ilə bağlıdır.
Asiyanın ən varlı şəxsləri siyahısında Qautam Adanidən sonra digər hindistanlı milyarder Mukeş Ambani 81,3 milyard dollar sərvətlə üçüncü pillədə qərarlaşıb.
Dünyanın ən varlı insanları siyahısında isə amerikalı iş adamı İlon Mask birinci yerdədir. “Bloomberg Milyarderlər İndeksi”nə görə, onun sərvəti 892 milyard dollar təşkil edir.
Murad İsmayıl
















