Son günlər məktəblilərin iştirakı ilə baş verən neqativ hadisələr cəmiyyətdə böyük ajiotaj yaradıb. Baş verən bu hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayının azlığı məsələsi yenidən gündəmə gəlib. Belə ki, əksəriyyət məktəblərdə kişi müəllimlərin azlığınının təlim-tərbiyəyə də təsursiz ötüşmədiyi qənaətindədir.
Təhsil eksperti Elmin Nuri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkədə, ümumilikdə, 22 min 461 kişi müəllim fəaliyyət göstərir:
“Qadın müəllimlərin sayı isə 121 min 284-dür. Ortada 6 dəfə fərq var, bu çox ciddi göstəricidir. Ortastatistik göstəricilərə görə, məktəbdə hər 7 müəllimdən 6-sı qadındır. Bakıda fəaliyyət göstərən ortaümumtəhsil müəssisələrində isə 2 min 590 nəfər kişi müəllim, 30 min 722 nəfər qadın müəllim çalışır. Ümumi regionda 110 min 433 müəllim çalışır. Onlardan 19 min 871-i kişi, 90 min 562-si isə qadın müəllimdir. Bu, gözləniləndir”.
Onun sözlərinə görə, Sovet vaxtında da, indi də qadın müəllimlərin sayı kişi müəllimləri üstələyib. Müsahibimiz hesab edir ki, burda birinci səbəb, maddi göstəricidir:
“Şərq, Qafqaz ölkələrində, xüsusən də Azərbaycanda ailənin əsas maddi yükünün daşıyıcısı, sosial təminatçısı kişi sayılır. Müəllimlikdə yüksək maaş olmadığına görə, bu ixtisası bitirən kişilər başqa işlərə yönəlib. Təəssüf ki, qadın yardımçı sosial təminatçı hesab olunduğuna görə, onun qazanacağı məbləğ ailə büdcəsinə dəstək kimi görülüb. Bu səbəbdən, müəllimlik onlar üçün problem yaşatmayıb”.
Ekspert məktəbdə genderlə bağlı müqayisələrin aparılmasının qəti əleyhinədir:
“Birincisi, insan insandır, kişi və ya qadın olmasının fərqi yoxdur. Peşə peşədir, müəllimlik, mühəndislik, həkinlik və s. Təbii haldır ki, fiziki güc tələb edən peşələrdə kişilər üstünlük təşkil edir. Qadınla kişi arasında yalnız fizioloji fərqlərə görə peşə müqayisəsi apara bilərik. Etiraf edək ki, müəllimlikdə daha çox zehni və psixoloji dəyərlər vacibdir. Ona görə, burda qadın-kişi müqayisəsi aparılmasına, kişi müəllimlərin azlığına etiraz edilməsinə qarşıyam. Bu, tədris mühiti, informasiyanın ötürülməsi, şəxsiyyətin formalaşdırılması üçün ayrılan 11 illik zaman dilimidir. Mənim təhsilə olan baxışıma görə, təhsil verənin hansı cinsə aid olmasının qəti fərqi yoxdur. Məktəb əmək düşərgəsi deyil ki, orda mütləq hər hansı sərt yanaşma, fiziki güc göstərən qoluzorluların olması vacib olsun”.
Onun sözlərinə görə, məktəbin 3 funksiyasından biri, həm də tərbiyə məsələsidir:
“Tərbiyə məsələsində kişi ilə qadın arasında hər hansı fərqin olduğunu deyə bilmərəm. Söhbət psixoloji tərəfdən gedir. Normal tərbiyəni, xarakteri, liderlik qabiliyyətini qadın da ötürə bilər, kişi də. Axı niyə həmişə gender məsələlərində müəyyən yanlışlığa yol veririk?! Qadınla kişi arasında yeganə fərq onların fizioloji yaradılışındadır, vəssalam! Onların sosiloji yanaşmasında, ictimai fiqur kimi özlərini göstərməsində, psixoloji fərd olraq hərəkətlərində heç bir fərq ola bilməz. Sırf fizioloji məsələlərə görə, kişilərdə olan dominantlıq, stüasiyanın zəhm hesabına idarə edilməsi baxımdan məktəblərdə bu cür şəxslərin olması da vacibdir”.
Onun fikrincə, bu da bəzi hallarda əks effektə gətirib çıxara bilər. Dediyinə görə, dəfələrlə şahidi olmuşuq ki, müəllim heyəti arasında çox zəhmli bir müəllimin olması orada neqativ auraya səbəb olub:
“Bəli, şagird qorxudan həmin müəllimin yanında özünü sakit aparacaq, bəs sonra? İnsan psixologiyası elə bir şeydir ki, nə qədər çox qorxutsan, sərbəst olduğu vaxtda o qədər çox xoşa gəlməz xarakterini göstərəcək. Məktəb sevgi və nəzakət üzərində qurulmalıdır. Kişi müəllimlərin zəhmi və qorxu hiddəti altında deyil. Kişi müəllimlərim sayının az olmasının bir səbəbi var, o da maaşdır”.

Elmin Nuri: Kişi müəllimlərin sayını artırmaq üçün stimullaşdırıcı addımlar atmaq olar
E.Nuri vurğulayıb ki, dünyanın bir çox ölkələrində kişi müəllimləri məktəbə cəlb etmək üçün müəyyən addımlar atılır. Belə ki, onun sözlərinə görə, Yaponiyada təkcə ibtidai təhsildə kişi müəllimlərlə qadın müəllimlər arasında balans qorunur. Orada kişi müəllimlərin maaşı qadınlardan çoxdur:
“Düşünürəm, bizdə də kişi müəllimlərin sayını artırmaq üçün stimullaşdırıcı addımlar atmaq olar. Düzdür, burda gender bəraərliyini pozmuş oluruq, ancaq madam ki, məktəblərə kişi müəllimlər lazımdır, onda cəlb edək. Bunun üçün MİQ müsabiqəsində müəyyən güzəştlərə getmək olar. Vakant yerlərdə qadın və kişi müəllim eyni bal toplayıbsa, kişiyə üstünlük vermək olar. Həmçinin, MİQ-u müsahibə mərhələsində kişi müəllimlərə güzəşt etmək olar”.
Həmsöhbətimiz hüsab edir ki, hazırda məktəbdə çalışan kişi müəllimlərlə seminarlar təşkil edib onların şagird davranışlarına təsiri imkanlarını artırmaq olar:
“Gəlin, əvvəlcə, əlimizdə olan resurslardan istifadə edək, kişi müəllimlərin məktəbdə davranış qaydalarının qorunması ilə bağlı göstəricəlirini inkişaf etdirək. Əgər effekt verərsə, saylarının artırılması barədə düşünək”.
Aytac Aslan
















