Bank Respublika və AccessBank arasında Azərbaycanın bank sektorunda mühüm strateji əqd üzrə razılıq əldə olunub.
Bakıvaxtı.az xəbər verir ki, hər iki bankın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.
Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Razılaşmaya əsasən, AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa çatdıqdan sonra hər iki bank ilkin mərhələdə fəaliyyətini ayrıca hüquqi və biznes strukturları kimi davam etdirəcək. Daha sonra onların vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
Qeyd olunur ki, Bank Respublika və AccessBank Azərbaycanda dayanıqlı fəaliyyəti ilə seçilən banklar sırasında yer alır. Hər iki maliyyə institutu ölkənin bütün bölgələrində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə xüsusi diqqət yetirir.
Planlaşdırılan birləşmənin nəticəsində daha geniş fəaliyyət miqyasına, güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik bankın formalaşması gözlənilir.
Birləşmiş bankın ümumi aktivlərinin 4,5 milyard manata, kredit portfelinin isə 3,3 milyard manata çatacağı bildirilir.
Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov əqdi bankın inkişafında yeni mərhələ kimi qiymətləndirib.
O bildirib ki, bu razılaşma Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də özəl sektorun inkişafına göstərilən dəstəyi əks etdirir.
Ş.Rəhimov proses boyunca Azərbaycan Mərkəzi Bankının göstərdiyi dəstəyə və konstruktiv əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Bank Respublikanın Müşahidə Şurasının sədri beynəlxalq maliyyə institutları ilə uzunmüddətli əməkdaşlığın əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, növbəti mərhələdə aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublikanın səhmdarlarına çevrilməsi uzunmüddətli münasibətlərin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verəcək.
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk isə bildirib ki, bankın beynəlxalq institusional kreditorları 2018–2019-cu illərdə onun restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdiriblər.
Onun sözlərinə görə, həmin proses nəticəsində institusional kreditorlar AccessBank-ın yeni səhmdarlarına çevrilib, bankın korporativ idarəetməsi gücləndirilib və fəaliyyətinin yenidən təşkili həyata keçirilib.
O.İvaniyçuk AccessBank-ın son illərdə Azərbaycanın bank sektorunun inkişafına və ölkə üzrə sahibkarların maliyyələşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
“Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq”, – deyə o qeyd edib.
AccessBank-ın Müşahidə Şurasının sədri beynəlxalq səhmdarların bankın gələcək inkişafını Bank Respublikaya etibar etdiyini bildirib. Onun sözlərinə görə, iki bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, satınalma və sonrakı birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, bankların müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.
















