Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı paytaxtın bir sıra yollarında məhz COP29 zolaqları çəkilmiş, elektrobuslar gətirilmişdi.
Artıq konfransın sonuna çatıb. Belə olan halda, sürücüləri bu zolaqların aqibətinin necə olacağı maraqlandırır. Bəs elektrobuslar necə, marşrut xətlərinə buraxılacaqmı?
Aslan Əsədov, nəqliyyat eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, COP29 ilə əlaqəli ayrılmış zolaqların taleyi haqqında hal-hazırda bir şey demək mümkün deyil. Onun sözlərinə görə, bu, ümumi veriləcək qərardan asılıdır:
"Ola bilsin ki, bəzi zolaqlar avtobus zolağı olaraq qalsın, bəziləri də ümumi istifadəyə verilsin”.
COP29 ərəfəsində paytaxtımıza elektrobusların gətirildiyini deyəb müsahibimiz hesab edir ki, bu avtobuslar marşrut xətlərinə buraxılsa, yollarımızdakı tıxac problemi də bir qədər aradan qalxacaq".
“Hadisələrin axarını gözləmək lazımdır, bu kimi addımların atılması özünü çox gözlətməyəcək”, - deyə Aslan Əsədov əlavə edib.
Tural Orucov, AYNA-nın mətbuat katibi
Azərbaycan Yerüstü Nəqliyyatı Agentliyinin ( AYNA ) mətbuat katibi Tural Orucov isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu avtobuslar ictimai nəqliyyata veriləcək:
“COP29 zamanı Bakıya gətirilən elektrobuslar sərnişinlərin istifadəsinə veriləcək”.
Onun sözlərinə görə, öncədən də məlumat verildiyi kimi, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.
Nuriyyə Musayeva