q
  • Bakı 13° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Ermənistanda seçkiöncəsi sorğu: reytinqlər parçalanmış siyasi mənzərəni göstərir

CƏMİYYƏT

04 May 2026 | 15:54

Ermənistanda seçkiöncəsi sorğu: reytinqlər parçalanmış siyasi mənzərəni göstərir

Ermənistanda seçkiöncəsi rəy sorğusu keçirilib. Sorğu Gallup tərəfindən aparılıb.

İctimai rəy sorğusuna görə, parlament seçkiləri ərəfəsində partiyaların reytinqi belə formalaşıb: hakim Nikol Paşinyanın “Mülki Müqavilə”si 26.7% ilə birinci yerdədir, lakin bu göstərici təkbaşına hökumət qurmaq üçün kifayət etmir. Onu Samvel Karapetyanın “Güclü Ermənistan”ı 14.1%, Robert Koçaryanın “Ermənistan İttifaqı” 8.2%, Gagik Tsarukyanın “Çiçəklənən Ermənistan”ı 7.9% və qərbyönümlü Hayk Grigoryanın Milli İnkişaf Partiyası 7.6% ilə izləyir. Sorğu həmçinin göstərir ki, seçicilərin 53%-i ölkədə siyasi vəziyyəti gərgin hesab edir, 2/3 hissəsi isə balanslı xarici siyasəti dəstəkləyir.

Bu rəqəmlər ilk növbədə onu göstərir ki, Ermənistan siyasəti faktiki olaraq parçalanmış vəziyyətdədir və heç bir qüvvə dominant mövqeyə malik deyil. Paşinyanın liderliyi formal olaraq davam etsə də, onun siyasi dayaqları əvvəlki illərlə müqayisədə xeyli zəifləyib və koalisiya zərurəti artıq siyasi reallığa çevrilib. Bu isə hökumətin qərarvermə imkanlarını məhdudlaşdıra və daxili kompromisləri artıran bir model formalaşdıra bilər.

Digər tərəfdən, müxalif qüvvələrin ümumi potensialı diqqət çəkir. İkinci, üçüncü və dördüncü yerləri tutan partiyaların birlikdə 30.2% toplamaq ehtimalı nəzəri olaraq hakim partiyanı üstələyir. Lakin bu üstünlük yalnız o halda real gücə çevrilə bilər ki, bu qüvvələr vahid siyasi xətt və ortaq maraqlar ətrafında birləşə bilsin. Ermənistanın siyasi tarixini nəzərə alsaq, fərdi lider ambisiyaları bu cür birliklərin davamlılığını ciddi şəkildə sual altına qoyur.

Eyni zamanda ideoloji xəritə də kifayət qədər maraqlıdır. Qərbyönümlü və Rusiyayönümlü qüvvələrin səslərinin təxminən bərabər olması cəmiyyətin geosiyasi seçimdə parçalandığını göstərir. Bu fonda seçicilərin böyük əksəriyyətinin balanslı xarici siyasət istəyi əslində siyasi elitaya bir mesajdır: radikal kurs dəyişiklikləri deyil, daha praqmatik və çoxvektorlu siyasət tələb olunur. Nəticə etibarilə, bu seçkilər sadəcə hakimiyyət bölgüsü deyil, Ermənistanın gələcək geosiyasi trayektoriyasını müəyyən edəcək əsas mərhələ kimi çıxış edəcək.

Alim Nəsirov


SON XƏBƏRLƏR