• Bakı 26° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Əvəz Rüstəmovun məhkəməsi keçirildi

CƏMİYYƏT

16 Iyul 2026 | 17:44

Əvəz Rüstəmovun məhkəməsi keçirildi

Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

Şahid H.Ü. bildirib ki, 2009-cu ilin dekabrında mənzil məsələsi ilə bağlı Əvəz Rüstəmovla danışılıb:

"Əvəz müəllimlə bir yerdə işləmişik. Evə ehtiyacım var idi. İkiotaqlı ev üçün atam vasitəsilə 2800 manat verdim ona. Söz vermişdi ki, gələcəkdə ev sizin olacaq. Dedi ki, daimi olacaq, amma sonradan orderin xidməti olduğunu bildik. Mənə veriləndə yox, bazada olan orderdə xidməti yazılmışdı".

Şahid Ə.Q. 2017-ci ildə təyinatla Salyana göndərildiyini və bir ilə yaxın xidmət müddətində təqsirləndirilən Ə.Rüstəmovu tanıdığını deyib:

"Mən bu müddət ərzində tanıdım Əvəzi. Şəhərcik HHQ-nin tabeçiliyində idi, HHQ-də xidmət edən hərbçilərin ailələri yaşayırdılar. Evlərin verilmə qaydası belə idi ki, hərbi şəhərcikdəki mənzillərin verilməsi hərbi qarnizon rəisinin səlahiyyətində idi. Ərizə yazılırdı, siyahı tərtib olunurdu, ardınca lazımi tədbirlər keçirilirdi. Orada Əvəz müəllimdən başqa komissiya üzvlərinin də imzası lazım idi, bunsuz mümkün deyildi".

Şahid İ.A. bildirib ki, mənzillərin verilməsində heç bir səlahiyyəti olmayıb:

"Hərbi şəhərcikdə 120-130-a yaxın hərbçi ailəsi yaşayırdı. Orada sənədsiz yaşayan ailələr vardı. Mən dəfələrlə bununla bağlı xəbərdarlıq etmişdim, lakin başqa bir səlahiyyətim yox idi".

Növbəti proses sentyabrın 10-na təyin edilib.

Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR