"Xankəndidəki qondarma rejimin nümayəndələrini sadəcə separatçı adlandırmaq onlara qarşı çox yumşaq səslənir. Onlar Azərbaycan xalqına qarşı çoxsaylı müharibə cinayətlərini təşkil etmiş və bu cür cinayətlərdə iştirak etmiş canilərdir".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.
Ekspert bildirib ki, erməni cinayətkarları daim başqa dövlətlərin əlində alət olaraq bölgədə sülh və əmin-amanlığın qarşısını kəsməklə məşğul olublar: "Ermənilərin nə qədər həyasız və ədalətsiz bir toplum olduğunu dünya yaxşı bilir. Biz bunları bilə-bilə və hərbi-siyasi üstünlük tərəfimizdə olduğu halda nəyə görə bir ovuc caniyə güzəştə getməliyik?! Onların qondarma liderciklərinin hansısa şərt irəli sürməsinə niyə dözümlü yanaşmalıyıq?!”
Müsahibimizə görə, əlbəttə ki, məsələni beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində, qəti olaraq birdəfəlik həll etməliyik. H.Rüstəmov bildirib ki. əgər dünyadan kimsə Xankəndidəki dinc əhaliyə humanitar yardım etmək istəyirsə, bunu Azərbaycan hökuməti vasitəsilə, Ağdam-Xankəndi yolu ilə etməlidir: “Heç bir güzəştə getmək olmaz. Xankəndindəki ermənilər də başa düşməlidirlər ki, onları Rusiyanın əlində oyuncaq olan qondarma rejimin girovluğundan nə Ermənistan, nə Fransa, nə də başqa bir ölkə xilas edə bilər. Onlar yalnız Azərbaycanın qanunlarının təsiri altında yaşamağı qəbul etməklə özlərini bu terror çetesinin əlindən xilas edə bilərlər".
Qeyd edək ki, Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. Separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb: “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”.
Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər.
Aydın Baxış
















