Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Hindistan istehsallı dərman preparatları ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, o bu barədə Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.
Baş direktorun sözlərinə görə, öskürəyə qarşı Hindistan istehsallı dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur. Bu dərmanlardan istifadənin Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələndiyini vurğulayan ÜST rəhbəri söyləyib ki, həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib.
Gebreyesus bununla yanaşı qeyd edib ki, həmin preparatlardan istifadə qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə bilər.
Bəs Azərbaycanda bu dərmanlara qarşı hansısa tədbir görülüb? Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidli Bakıvaxtı.az-a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın Maiden Pharmaceuticals şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib: “Oktyabrın 6-da göndərilən xəbardarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart). Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır”.
M.Məcidli onu da deyib ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.
Aytac Aslan
















