Xəbər verildiyi kimi, 2020-ci il yanvarın 1-dən etibarən ölkənin bütün ərazisində mərhələlərlə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Layihə ilə əlaqədar olaraq ölkədəki tibb müəssisələrinin əksəriyyəti İcbari Tibbi Sığorta Agentliyi (İTSA) nəzdində yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilib.
Müxtəlif sahələrdə işinin peşəkarı olan vətəndaşlar sosial şəbəkədə qeyd edirlər ki, onlar icbari tibbi sığorta haqqı ödəsələr də, hələ də bu xidmətdən yararlana bilmirlər.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın İTSA-ya göndərdiyi informasiya sorğusuna cavab verilib.
Cavabda bildirilib ki, “İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir: “Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir”.
Agentlikdən bildirilib ki, vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir: “Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Müqaviləli tibb müəssisələrinin siyahısı:
1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Mərkəzi Neftçilər Xəstəxanası
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
















