Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi təklifini irəli sürüb.
“Bizim gözəl övladlarımızı qadınlar böyüdüb. Onlara borcluyuq. Bu gün Qarabağı, Zəngəzuru işğaldan azad edən igidləri o analar böyütdü”, - deyə M.Quliyev bildirib.
Deputatın bu təklifi geniş əks-səda doğurub və müzakirələrə səbəb olub.
İctimai fəal, şəhid qardaşı, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Bakıvaxtı.az-a açıqlamasında deputatın açıqlamasına sərt reaksiya verərək deyib ki, hazırda uşaq pulu məsələsi sosial sifarişdir.
“Bəli, Zəngəzuru, Qarabağı işğaldan uşaq pulu vemədiyiniz, əziyyətlə, zülmlə yaşamağa vadar etdiyiniz, şor-çörəklə böyüyən igidlər azad etdi. O igidləri analar bütün günü bağ-bağatda, həyət-bacada işləməklə, mal-heyvan, toyuq-cücə saxlamaqla, pambıq, tütün toplamaqla, işə çatmaq üçün saatlarla tıxaclarda qalaraq aldığı cüzi maaşı ayın sonuna kimi necə çatdıracağını düşünməklə, kirayələrdə sürünməklə, restoran-kafelərdə qab yumaqla, imkanlıların evində xadiməlik etməklə, borc-xərclə böyütdülər. Bir deputat kimi sizin borcunuz Milli Məclisdə igidlər böyüdən, bundan sonra da igidlər böyüdəcək analara dəstək olmaq, uşaq pulunun verilməsini gündəmə gətirib tələb etməkdir”, - deyə şəhid qardaşı bildirib.
İctimai fəalın sözlərinə görə, uşaq pulunun bərpası həm də ona görə lazımdır ki, bu gün maddi vəziyyəti yaxşı olmayan, imkansız ailələrdə ana düzgün qidalana bilmir və buna görə də uşaq ana südü ilə təmin olunmur.
Qeyd edək ki, bu günlərdə şəhid Ruslan Abbasovun il mərasimində şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova tədbirdə iştirak edən Milli Məclisin deputatı Aydın Hüseynova müraciət edərək övladını çətinliklə böyüdən ailələrə "uşaq pulu" verilməsini təklif edib.
Şəhid anası övladını böyüdən zaman yaşadığı çətinlikləri dilə gətirib: “Şəxsən mən müəllimə idim, işləyirdim, yoldaşım da müəllim idi, amma övladımı çox çətinliklə böyütmüşdüm. Amma elə ailələr var ki, orada analar işləmir, atalar xəstədir, nəsə problemi var. Bizdən keçdi, heç olmasa, cavan analara uşaq pulu ayrılsın. Çox yox, heç olmasa 30, 40, 50, 60 manat... Heç olmasa uşağının südünü ala bilsin. Dövlətimizdən xahiş edirəm, gənc analara dəstək olun, uşaq pulu verin. Mən yorğan-döşəyimin üzünü, astarını satmışam, yununu satmışam, qulağımın sırğasını satmışam, övlad böyütmüşəm. Dövlət vaxtında mənə dəstək olmadı, yerdə qalanlara dəstək olsun, bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar, çətin günündə o kasıb balalar ayağa qalxır”.
Ramid İbrahimov





png-1637330488.webp)










