27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, imtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.
Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 14 733 müraciət qeydə alınıb. Namizədlərdən 12 954 nəfər musiqi, 1 210 nəfər rəssamlıq, 569 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edəcək.
İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də “MyCulture” vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.
Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı 





