Xəbər verdiyimiz kimi, aprelin 21-də "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Səhmdar cəmiyyətindən bildirilib ki, ilkin məlumata əsasən, saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Həmin gün saat 15.00-da isə metro fəaliyyətini bərpa edib.
Bakıvaxt.az xatırladır ki, həmin gün metrodan istifadə edən sərnişinlər mənzil başına çatmaq üçün avtobus və taksilərdən istifadə ediblər ki, bu da onlara əlavə vəsait hesabına başa gəlib. Belə olan halda sərnişinlər "bu cür situasiyalarda vəsait geri qaytarılmalıdırmı" sualı ətrafında diskussiya açıb.
Elə Bakıvaxtı.az da bununla bağlı "Bakı Metropoliteni" QSC-yə sorğusu ünvanlayıb. Qurumdan saytımıza bildirib ki, baş vermis hadisə ilə bağlı texniki araşdırma Bakı metropoliteninin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri tərəfindən aparılır. Əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır:
"Onu da qeyd edək ki, hadisədən dərhal sonra təcili tibbi yardım briqadaları sərnişinlərə operativ ilkin yardım göstəriblər. İki sərnişin xəstəxanaya aparılıb və müvafiq müayinədən sonra evə buraxılıb. Bakı metropoliteninin rəhbərliyi həmin sərnişinləri evlərində ziyarət edərək, onlara mənəvi dəstəyini göstərib".
Qurumdan verilən məlumata görə, kompensasiya və güzəşt məsələləri ilə bağlı qərarlar mövcud qaydalara uyğun araşdırmanın nəticələrinə əsasən, müvafiq qurumlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək:
"Sərnişinlərə baş vermiş hadisə ilə əlaqədar yaranmış vəziyyətə anlayış göstərdikləri üçün təşəkkür edirik".
Zeynəb Rzayeva
Bakı 




