İranın “Xəyyam” peyki Rusiya və “Soyuz” peyk daşıyıcısının əməkdaşlığı ilə Qazaxıstanın Baykonur kosmodromundan buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Xəyyam” adlı peykin istifadəsi və idarə olunması bundan sonra İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kosmik bazalarında iranlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bundan əlavə, çəkisi 600 kiloqram olan “Xəyyam” peykinin 500 kilometrlik orbitə yerləşdirildiyi və gündə 4 dəfə İrana 1 metr dəqiqliklə görüntülər təqdim edə biləcəyi açıqlanıb.
Peykdən alınan məlumatlar ilə orbitə buraxılan “Xəyyam” peyki kənd təsərrüfatı sahəsində məhsuldarlığı artıracaq, ölkənin su ehtiyatlarına düzgün nəzarət edəcək, təbii fəlakətləri idarə edəcək, torpaqlardan istifadədə dəyişiklikləri izləyəcək, icazəsiz tikililərə və meşələrin qırılmasına qarşı mübarizə aparacaq, ekoloji təhlükələrə nəzarət edəcək. Həmçinin mina və mina kəşflərini izləmək, eləcə də ölkə sərhədlərinin monitorinqi kimi bir çox məsələyə nəzarət oluna biləcəyi açıqlanıb.
Aytac Aslan
















