• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İş aşırmaq üçün verilən “şirinlik”: Bəzən it də gedir, ip də…

CƏMİYYƏT

27 May 2022 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

İş aşırmaq üçün verilən “şirinlik”: Bəzən it də gedir, ip də…

Cəmiyyətimizdə həllini tapmayan, heç bir tənqidin, ictimai qınağın, hətta cəzanın təsir edə bilmədiyi ən böyük problemlərdən biri də rüşvətdir. Belə ki, əksəriyyət işə girmək, ev almaq, nəsə satmaq və s. bu kimi addımlar üçün rüşvət, daha yumşaq desək, beh verir.

Lakin qarşılığında işi həll olunurmu?! Təəssüf ki, çox vaxt aldadılırlar. Belə ki, rüşvət verdikləri şəxslə bağlı əllərində heç bir dəlil olmadığı üçün, haqlarını axtara, pullarını geri ala bilmirlər. Dəlil olmadığı halda şəxsin pulu hansı yollarla qaytarıla bilər?

Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən rüşvət alma (passiv rüşvətxorluq) ilə yanaşı rüşvət vermə (aktiv rüşvətxorluq) də cinayət məsuliyyətinə səbəb olur. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Buna görə də, hər hansı işin görülməsi müqabilində vəzifəli şəxsə rüşvət verən və ya verməyə hazırlaşan vətəndaşlar bilməlidir ki, rüşvət alanla birlikdə özləri də cinayət məsuliyyəti daşıyır. Lakin rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.

T.Abdullazadənin sözlərinə görə, bundan başqa rüşvət vermə qanuna zidd əməl olduğu üçün vətəndaşlar cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmır və rüşvət verilən pul onlara geri qaytarılmır: “Rüşvət verilən pul aşkar olunduğu zaman dövlət büdcəsinə keçirilir. Lakin hər hansı vəzifəsi, səlahiyyəti olmayan, lakin özünü vəzifəli şəxs kimi təqdim edən adam vətəndaşı işə düzəltmək, ev almaq və ya başqa vədlərlə aldatmışdırsa, burada dələduzluq cinayətinin əlamətləri ola bilər. Cinayət Məcəlləsinə əsasən dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər: xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil qeyd edib ki, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Eyni əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə -on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vətəndaş dələduzluqla bağlı hüquq mühafizə orqanlarına müraciət edərkən barəsində şikayət etdiyi şəxsin ona qarşı dələduzluq etməsinə dair dəlilləri təqdim etməlidir. Dəlillər yetərsizdirsə və ya yoxdursa, təbii ki, bu dələduzluq edən şəxsin xeyrinə olacaq. Bəzən şahidi oluruq ki, zərərçəkmiş şəxs hətta ona qarşı dələduzluq edən şəxsin adını da, ünvanını da, hətta faktiki yaşadığı yeri də bilmir”.

Turan Abdullazadə vurğulayıb ki, heç bir sübut olmadığı halda və pulun verildiyi şəxs özü könüllü şəkildə etiraf etmirsə, verilən pulun mülki mühakimə icraatı qaydasında məhkəmə yolu ilə alınması mümkün deyil: “Çünki məhkəmə işdə olan sübutlara əsasən baxılan işə hüquqi qiymət verir. Sübutlar olmadığı halda işin məhkəmə perspektivi demək olar ki, yoxdur. Lakin qeyd etdiyim kimi, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab olunduğundan, bu cür əməllərlə qarşılaşan şəxslər əllərində hər hansı sübutlar və mötəbər dəlillər olmasa belə işin araşdırılması üçün hadisənin baş verdiyi yerin hüquq mühafizə orqanlarına ( polis, prokurorluq və s.) müraciət etsinlər. Ola bilər ki, təhqiqat və istintaqda dindirilən şəxslər öz əməllərini səmimi etiraf etsinlər. Belə etiraf olduğu və müstəntiqin (təhqiqatçının) prosessual qərarlarında həmin etiraf əks olunduğu təqdirdə vətəndaş həmin qərar əsasında mülki qaydada məhkəmədə iddia qaldırmaqla ona zərər vuran şəxsdən verdiyi pulu tələb edə bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR