“Fermerlərin maliyyəyə əlçatanlığı və ya maliyyə vəsaitlərini əldə etməsindəki çətinliklər mütəmadi olaraq davam edir və buna görə də yeni üsullar düşünməliyik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında yeni - “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, çox vaxt kreditlərin geri ödənilməsi ilə təsərrüfat ili anlayışının üst-üstə düşməməsi fermerlərin əsas problemlərindən idi: “Çünki dövriyyə vəsaiti fermerə təsərrüfat ilinin başında lazımdır. Amma geri ödənilmə fermer tərəfindən çox vaxt məhsul əldə edildikdən sonra, yəni məhsulun satışı həyata keçirildikdən sonra yaranır. Bu isə ümumi kreditlərin geri ödənilməsi prosesi ilə üst-üstə düşmürdü, bu da fermerlərə çətinlik yaradırdı.
Beynəlxalq təşkilatlarla və digər ölkələrin təcrübəsinə də baxdığımızda, biz məhsul şəhadətnaməsi və bunun tətbiqini həyata keçirən ölkələrdəki təcrübə ilə tanış olduq. Bu layihə də bunun nəticəsində ortaya çıxmış oldu.
Biz Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın bu sahədəki təcrübələri araşdırdıq. Ona görə də bu layihəni istehsalçıların həm dəstəklənməsi, həm də ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirə bilərik. Yəni məhsul şəhadətnaməsi borclunun məhsulun istehsalı və ya ilkin emalı məqsədilə elektron qaydada buraxdığı, öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır.
Borclu bununla məhsulu və ya pul məbləğini mübahisəsiz şəkildə təhvil-təslim aktı əsasında vermək öhdəliyini götürür”.
Nazir müavini əlavə edib ki, məhsul şəhadətnaməsi Mülki Məcəllədə qiymətli kağızların siyahısına da daxil ediləcək: “Məqsəd odur ki, bu qiymətli kağızı kimlər buraxa bilərsə, əvvəlcədən məlum olsun. Məhsul şəhadətnaməsi həm bitkiçilik, həm də heyvandarlıq sahəsində tətbiq edilə bilər. Bitkiçilik istiqamətində torpağın həm mülkiyyətçisi, həm də qanuni istifadəçisi, yəni icarəçisi bunu tətbiq edə bilər.
Heyvandarlıq istiqamətində isə heyvan sahibləri məhsul şəhadətnaməsi buraxa bilərlər. Ortaq mülkiyyət mövcud olduqda tərəflər, təbii ki, birgə buraxılışı həyata keçirirlər və birgə məsuliyyət daşıyırlar. Torpaq üzərindəki hüquq başqa şəxsə keçdikdə şəhadətnamə də hüquq və vəzifələr olaraq başqa şəxsə keçir. Yəni bu, bildiyiniz qiymətli kağız kimi, bir indossamentlə növbəti şəxsə təqdim edilə, satıla və dövriyyəsi həyata keçirilə bilər".
















