Daha çox kriminal avtoritet Oleq Bakinski kimi tanınan ukraynalı Oleq Krapivin ətrafında qalmaqallar səngimir.
Belə ki, o, Ukraynaya qayıtmaq cəhdi ilə bağlı Ukraynanın Miqrasiya Xidmətinin yaşayış icazəsinin ləğvi və Ukraynaya girişə qadağa qoyulması barədə qərarından şikayət etməyə çalışıb və 2022-ci ilin dekabrında Ukrayna Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldırıb. Lakin o zaman da Rayon İnzibati Məhkəməsi Miqrasiya Xidmətinin qərarını qüvvədə saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Pogliad” nəşrinin “Bakı oğrusu üçün dəli gödəkçəsi: Oleq Krapivini niyə Ukraynaya buraxmırlar?” adlı məqaləsində qeyd olunub.
Nəşr yazır ki, bundan sonra Oleq Bakinski apellyasiya şikayəti vermək qərarına gəlib:
“Lakin Apellyasiya Məhkəməsi təsdiqləyib ki, Ukrayna Miqrasiya Xidməti Oleq Krapivin üçün yaşayış və Ukraynaya daxil olmaq icazəsini qanuni olaraq ləğv edib. Səbəb kimi isə onun ruslarla, o cümlədən Kadırovun Ukraynadakı dəstələri ilə şəriklik şübhəsi göstərilir”.
Portalınməlumatınagörə, O.Krapivintanınmış kriminalavtoritetdir:
“O, 1990-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışeva” və “Juravley” mütəşəkkil cinayətkar qruplarının rəhbəri kimi fəaliyyət göstərib. Krapivin 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovu kafedə görüşə dəvət edib. Bundan sonra Bakinski və onun əlaltıları hüquq müdafiəçisini döyüb, pasportunu alıb, həyat yoldaşını və uşaqlarını isə öldürməklə hədələyiblər. 2022-ci ildə Krapivin “tavan”nı verməyən iş adamını qorxutmaq üçün Kiyevdə ona məxsus “Lexus LX 570” markalı avtomobilə atəş açıb. Oleq Bakinski həm də qəsb, adam oğurluğu, sifarişli qətllər, ruspərəst prezident Viktor Yanukoviç və onun əlaltıları rejiminə xidmət etməklə tanınır”.
Nəşr onu da əlavə edib ki, 2022-ci ilin yayında Krapivin Azərbaycandakı ailəsinin yanına qaçıb:
“Amma buna baxmayaraq, Ukraynada onun onilliklər boyu qurduğu cinayətkar şəbəkə nəzarətsiz qalıb. Daha sonra Oleq Bakinski Ukraynaya qayıtmağa icazə verilməsi üçün məhkəməyə müraciət edib. Lakin fevralın əvvəlində Kiyev Apellyasiya Məhkəməsi və Ukraynanın Miqrasiya Xidməti hazırda Azərbaycanda olan Oleq Krapivini qanuni olaraq geri qayıtmaq müraciətini ləğv edib.
Yuxarıda qeyd olunanlarla yanaşı, məhkəmə onu da nəzərə alıb ki, Krapivin Ukrayna ərazisində azərbaycanlılardan ibarət kriminal mühitinin rəhbərlərindən biridir. O, xüsusilə ağır cinayətlər törədən cinayətkar qrupların fəaliyyətini təşkil edir və onları maddi cəhətdən təmin edir”.
“Pogliad” nəşri, həmçinin iddia edir ki, onun Rusiya Federasiyasının FSB rəhbərliyi ilə də əlaqələri var:
“Məsələn, onun dəstəsinin əvvəlki üzvləri Bakıda fidyə müqabilində bir iş adamını oğurlayıblar, Ukraynada isə ondan “diaspor fəaliyyəti” adı altında Azərbaycan diasporunun üzvlərindən pul qoparan şəxs kimi danışıblar.
Xatırladaq ki, əvvəllər Krapivin Ukrayna Milli Polis tərəfindən ruslarla şəriklikdə, eləcə də Zaporojye vilayətində rus əsgərlərinə “humanitar yardımlar”ın ötürülməsində şübhəli bilinir. Bundan əlavə, “Bakı oğrusu”nun oğlu Sultanbek Krapivin də cinayət fəaliyyəti ilə məşğuldur. Hazırda o, ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışdadır. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub ki, atası oğlunun Ukraynadan qaçmasına kömək edib”.
Rafi Müslümov
















