ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Giorgia Meloni barədə sərt açıqlamalar verib.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, Fransada keçirilən G7 sammiti zamanı Meloni onunla dəfələrlə şəkil çəkdirmək istəyib.
“İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 görüşü zamanı mənimlə şəkil çəkdirmək üçün dəfələrlə müraciət etdi. O, hazırda İtaliyada populyarlıq baxımından çətin vəziyyətdədir. Bunun səbəbi isə yəqin ki, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısının alınması məsələsində ABŞ-ı dəstəkləməməsidir. Yeri gəlmişkən, NATO da eyni mövqe sərgilədi”, – Tramp yazıb.
ABŞ Prezidenti Melonini Vaşinqtona logistik dəstək göstərməməkdə də ittiham edib.
Onun sözlərinə görə, İtaliya ABŞ-ın ölkə ərazisindəki eniş zolaqları və hava limanı infrastrukturundan istifadə etməsinə icazə verməyib ki, bu da Vaşinqton üçün ciddi çətinlik yaradıb.
“Bu, böyük logistik narahatlıq yaratdı. Halbuki ABŞ hər il İtaliyanın və digər "guya müttəfiq" NATO ölkələrinin müdafiəsinə yüz milyardlarla dollar vəsait xərcləyir”, – Tramp qeyd edib.
ABŞ lideri daha sonra İranla bağlı iddialı açıqlama verərək bildirib ki, ABŞ İranı hərbi baxımdan məğlub etdikdən sonra Meloni yenidən Vaşinqtonla yaxın münasibətlər qurmağa çalışır.
“İndi isə ABŞ İranı hərbi cəhətdən məğlub etdikdən sonra o, yenidən dost olmaq istəyir ki, reytinqini yüksəltsin. Xeyr, təşəkkürlər!”, – Tramp paylaşımında vurğulayıb.
Qeyd edək ki, Trampın bu açıqlamaları İtaliya hökuməti və NATO ilə münasibətlər fonunda yeni müzakirələrə səbəb olub.
Bakı 



